“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycana səfər edəcək”.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, səfər çərçivəsində Prezident İlham Əliyevlə keçiriləcək görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.
“Bununla yanaşı, Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü”nün ikinci iclası da keçiriləcək. Prezident, həmçinin Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək”, - deyə F.Altun qeyd edib.
Xatırladaq ki, bundan əvvəl “TRT Haber” mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışı olacağını, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin də iştirak edəcəyini yazıb.