kanal1

TƏBİB və DSMF arasında kommunikasiya boşluğu: Qəzaya düşən vətəndaşlar BÜLLETEN PULUNU ALA BİLMİRLƏR

Tarix:Dünən, 15:46
Baxış Sayı:0


Ağır qəzaya düşən vətəndaşlar bülleten kağızlarına poliklinikada işləyən həkimin səhvən iki tarix yazması səbəbindən bülleten pullarını ala bilmirlər.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, 29 sentyabr 2024-cü ildə Biləsuvar-Bəhrəmtəpə yolunun 38-ci kilometrliyində baş verən ağır avtoqəza nəticəsində Kənan Kamran oğlu İslamov və anası ciddi xəsarətlər alıblar. Hər ikisi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Kənan İslamov qasıq və oturaq çanağının, sağ bazu sümüyünün, həmçinin sağ 3-cü və 4-cü fəqərələrinin sınığı, anası isə sol bud sümüyü və qabırğalarının sınığı xəsarətlərini alıb.
"Anam 9 oktyabr tarixində Kliniki Tibbi Mərkəzdə əməliyyat edilərək sol bud sümüyünə implant yerləşdirilib, özüm isə 11 oktyabrda "City Hospital"da əməliyyat olunmuşam.
Bu müddət ərzində mənə "City Hospital"da bülleten açılıb və əməliyyat edən həkim tərəfindən altı bağlanıb. "Saatlı Rayon Mərkəzi Xəstəxanası" PHŞ poliklinika şöbəsinin müdiri tərəfindən isə həmin bülletenin altı ağardıcı ilə silinərək yenidən tarix yazılıb və bülleten tarixi uzadılıb.

Anamın bülleten vərəqəsinə Saatlı RMX əməliyyat-cərrahiyyə şöbəsinin cərrahı tərəfindən eyni qaydada müdaxilə olunub və bülleten vərəqinin tarixi uzadılıb.
Bülleten vərəqələrimiz işlədiyimiz idarələrin mühasibatlıq şöbəsi tərəfindən sistemə yerləşdirilsə də, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən geri qaytarılıb.
Əsas kimi isə Səhiyyə Nazirliyinin 2011-ci il tarixli qərarına 30 N-li əlavəsini gətirilib: yəni bir bülleten vərəqəsində bir səhiyyə müəssisəsi tərəfindən qeydlər aparılmalıdır", - deyə şikayətdə qeyd olunur.

Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı dekabrın 9-da Səhiyyə Nazirliyinin "9103" saylı qaynar xətti ilə əlaqə yaradıb və ona deyilib ki, nazirliyin 2011-ci il tarixində 30 N-li əlavəsində elə bir hal nəzərdə tutulmayıb ki, vətəndaşa bülleten ödənişi köçürülməsin. Bildirilib ki, DSMF ödənişi həyata keçirməlidir.
"DSMF-nin "142" qaynar xəttindən isə bildirildi ki, bülleten vərəqələrinin icrası, bülleten ödənişlərinin vətəndaşa köçürülməsi üçün Səhiyyə Nazirliyindən onlara razılıq verilməlidir.
Qurumlar arasında belə rabitənin olmaması səbəbindən nə edəcəyimizi bilmirik. Hamı problemi bir-birinə ötürür", - şikayətdə bildirilir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Kənan İslamov və Gülnarə İslamovanın müraciətləri araşdırılıb.

"Məlum olub ki, tibb müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin "Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması Qaydası"nın, həmçinin "Əmək qabiliyyəti olmamaq vərəqələrinin təmin edilməsi, qeydiyyatı və saxlanılması qaydası haqqında Təlimatı"nın tələblərinə uyğun tərtib edilmədiyindən və sığortaedənlər tərəfindən yol verilmiş digər çatışmazlıqlar səbəbindən müavinətin ödənilməsindən imtina edilib və səbəbləri qeyd edilməklə müvafiq düzəlişlərin aparılması üçün haqq-hesab cədvəlləri sığortaedənlərə geri qaytarılıb.
Verilmiş xəstəlik vərəqələrinin tərtibində yol verilmiş nöqsanlar tibb müəssisələri tərəfindən aradan qaldırıldıqdan və haqq-hesab cədvəllərində müvafiq düzəlişlər edildikdən sonra müavinətin ödənilməsi məsələsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaq", - deyə R.Mehdili vurğulayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əmək qabiliyyətinin olmaması vərəqələrinin doldurulmasında iddia olunan nöqsanlarla bağlı sığortaolunanların məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dəstək olunması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə TƏBİB tərəfindən müvafiq müraciət məktubu ünvanlanıb.
"Həmin məktubda xəstəlik vərəqəsinin müddəti uzadıldığı halda iki ayrı tibb müəssisəsinin möhürünün eyni xəstəlik vərəqəsində olmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş "Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması Qaydası"nın 11-ci bəndinin tələblərinə uyğun olduğu qeyd olunub", - deyə açıqlamada bildirilir.(Oxu.Az)

“Ukraynanın tərəfində olmalıyıq”
“Ukraynanın tərəfində olmalıyıq”
"Müğənni Dəniz Əsədova Aygün adı ilə xəstəxanada işləyib" - 1,6 milyonluq cinayət işi
"Müğənni Dəniz Əsədova Aygün adı ilə xəstəxanada işləyib" - 1,6 milyonluq cinayət işi
Sabunçu MKTİ-də Anar Qalayevin idarəçilik sistemi -Ölü canlar və süpürgəçilərin artan kvadratmetri...
Sabunçu MKTİ-də Anar Qalayevin idarəçilik sistemi -Ölü canlar və süpürgəçilərin artan kvadratmetri...
"Baksovet Kamil” Eldar Əzizova necə kələk gəlib?! -30 min dollarlıq avtomobilin sirri
"Baksovet Kamil” Eldar Əzizova necə kələk gəlib?! -30 min dollarlıq avtomobilin sirri
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
TƏBİB və DSMF arasında kommunikasiya boşluğu: Qəzaya düşən vətəndaşlar BÜLLETEN PULUNU ALA BİLMİRLƏR
TƏBİB və DSMF arasında kommunikasiya boşluğu: Qəzaya düşən vətəndaşlar BÜLLETEN PULUNU ALA BİLMİRLƏR
Məşhur restorandan narazılıq - Müştərilər şikayət edir
Məşhur restorandan narazılıq - Müştərilər şikayət edir
9-cu mikrorayonda sakinlər və dayanacaqdakı sərnişinlər "təhlükəli" ağacın altından keçir - VİDEO
9-cu mikrorayonda sakinlər və dayanacaqdakı sərnişinlər "təhlükəli" ağacın altından keçir - VİDEO