Astara rayon məhkəməsi ötən il baş verən bıçaqlanma hadisəsi ilə bağlı qərar çıxarıb.
Hadisə 2024-cü il sentyabrın 1-də keçirilən parlament seçkiləri günü baş verib.
Məhkəmə sənədlərinə əsasən, 25 ildir həmin məktəbdə gözətçi işləyən təqsirləndirilən şəxs, məktəb direktoru ilə uzun müddətdir ki, münaqişə yaşayıb. O, direktorun həyat yoldaşı Validəyə (ad şərtidir - red.) aid çılpaq görüntüləri əldə edib yaydığını iddia edib. Təqsirləndirilən şəxsin ifadəsinə görə, direktor bu videoları məktəb kollektivinə və təhsil sahəsindəki digər şəxslərə göstərməklə Validənin şərəf və ləyaqətini alçaltmağa çalışıb.
Bu hadisədən sonra Validə işdən çıxıb və təqsirləndirilən şəxs məsələni həll etmək üçün bir neçə dəfə direktorla mübahisə edib. Nəhayət 1 sentyabr 2024-cü il tarixində, səhər saat 09:00 radələrində məktəbin həyətində direktorla qarşılaşıb və ondan video görüntüləri tələb edib. Direktorun görüntülərin onda olmadığını bildirməsi mübahisəni daha da alovlandırıb.
Bundan sonra, gözətçi cibindən çıxardığı bıçaqla direktora bir neçə zərbə endirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, direktorun döş qəfəsi nahiyəsində iki kəsilmiş yara və sağ said nahiyəsində sıyrıq aşkar edilib. Yaralar yüngül xəsarət kimi qiymətləndirilib. Hadisə zamanı məktəbin həyətində seçki prosesi getdiyindən, bir çox şahid olaya şahidlik edib və hadisəni dərhal hüquq-mühafizə orqanlarına xəbər verib.
Hadisəni törədən şəxs günahını qəbul edib və məqsədinin öldürmək yox, qorxutmaq olduğunu bildirib. Məhkəmə onu xuliqanlıq maddəsi ilə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.