kanal1

İllərdir nazir müavini kreslosunu tutan iki “qoca çinar” - yeni kadrlar nəyi dəyişəcək?

Tarix:3-03-2023, 09:41
Baxış Sayı:32

İllərdir nazir müavini kreslosunu tutan iki “qoca çinar” - yeni kadrlar nəyi dəyişəcək?

Sevda Məmmədəliyeva 1999-cu ildən, Vaqif Əliyev isə 2011-ci ilin fevralından nazir müavini işləyirdilər
Martın 1-də sərəncamlar imzalayan prezident İlham Əliyev Vaqif Əliyevi mədəniyyət nazirinin birinci müavini, Sevda Məmmədəliyevanı müavin vəzifələrindən azad edib. Başqa sərəncamla Səadət Yusifova nazir müavini təyin olunub. Prezident xalq artisti, Muğam Mərkəzinin rəhbəri Murad Hüseynovu da mədəniyyət nazirinin müavini təyin edib.

Prezident Azad Cəfərlinin də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edib. Onu yerinə isə Səbinə Hacıyeva təyinat alıb. Səbinə Hacıyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq strukturları, memarlıq abidələrinin bərpası” kafedrasının müdiri, Beynəlxalq Memarlıq Akademiyasının Moskva filialının müxbir üzvü olub. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ona “Əməkdar memar” fəxri adı verilib.

Vaqif Əliyev 2011-ci ilin fevralından mədəniyyət və turizm nazirinin 1-ci müavini, 2018-ci ildən isə mədəniyyət nazirinin birinci müavini vəzifəsini tuturdu. Yada salaq ki, o, 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdu. Sevda Məmmədəliyeva isə 1999-cu il avqust ayının 4-də mədəniyyət nazirinin müavini təyin edilmişdi. Hər iki “qoca çinar” nəhayət ki, vəzifələrindən ayrıldılar, yerlərinə gənc kadrlar gətirildi. 1974-cü ildə anadan olan Səadət Yusifova buna qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. Bir neçə il əvvəl noyabrın 29-da Prezident Administrasiyasında ləğv edilən şöbələrdən biri də Strateji araşdırma və planlaşdırma şöbəsi oldu. Nəticədə həmin şöbənin müdiri Səadət Yusifova yeni strukturda yer almadı.

Xatırladaq ki, 2020-ci ilin may ayından bəri, yəni Əbülfəz Qarayevin mədəniyyət naziri vəzifəsindən azad olunmasından sonra qurum ətrafında müzakirələr, narazılıqlar, qalmaqallar səngimir. Ə.Qarayevdən sonra bu vəzifəyə keçmiş diplomat Anar Kərimov gəldi. Lakin onun vəzifədə fəaliyyəti cəmi 2 il çəkdi və ötən ilin dekabr ayının 22-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi. Onun hansı səbəbdən vəzifəsindən azad olunduğu haqda məlumat verilməsə də, fəaliyyəti dövründə ciddi qanun pozuntularına yol verildiyi ortaya çıxdı. Külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktları ilə bağlı nazirin sabiq birinci müavini Elnur Əliyev və qurumun bir neçə vəzifəli şəxsi DTX tərəfindən saxlanıldı. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat dövlət əmlakını mənimsədiyi məlum oldu.

Mövzu ilə bağlı Milli Məclisin mədəniyyət komitəsinin üzvü Aqil Abbas dedi ki, mədəniyyət sahəsi qeyri-peşəkar adamlardan təmizlənməlidir: “Hansısa universiteti bitirmək və yaxud xarici ölkədə oxumaqla deyil, işinin peşəkarı olmaq lazımdır. O ki qaldı tənəzzül dövrünü yaşayan milli kinomuza, onun inkişafı, dirçəlməsi çətin məsələdir, bunun üçün hələ çox iş görmək lazımdır. İnanıram ki, o gün gələcək. Mən buna inanıram, doğrusu, inanmaq istəyirəm. Anar Kərimova da inanmışdım, deyirdim ki, gənc oğlandır, təhsili yüksəkdir, gəlib işləyəcək. Amma korrupsiyanı ləğv edə bilmədi, yenə də eyni hadisələr baş verdi. İndi isə Anar Kərimovu yeni gənc kadr Adil Kərimli əvəz edib. Yəqin ki, bu dəfə ümidlərimiz doğrulacaq. İnanaq ki, düzəlsin”.

Aqil Abbas mədəniyyət sahəsinin çox bərbad vəziyyətdə olduğunu vurğuladı: “Təsəvvür edin, kənddə kitabxanaları bağlayıblar, bölgələrdə kitab oxuyan qalmayıb. Rayonlarda kitab mağazaları yoxdur. Bildiyim qədər bir tək Gəncədə, Xaçmazda kitabxanalar var. İndi rayonlarda elektron kitabxanalar yaradıblar, amma indi istənilən şəxs əlinə telefon götürüb, oradan elektron şəkildə kitab oxuya bilir. Yəni diqqəti kitabxanalara yönəltmək lazımdır. Ənənəvi kitab mütaliə etmək mədəniyyətdir. Mən kitabxana sevən adamam. Ağdamda çox gözəl kitabxanam var idi, ermənilər onu yandırdı. Ağcabədidə, doğulduğum Bayat kəndində Füzuli adına möhtəşəm bir kitabxana tikdirmişəm. Həmin kitabxananın səhifəsi var. Qeyd edim ki, kitabxanada hər gün tədbirlər keçilir, əməkdaşları pandemiya dövründə ev-ev gəzirdilər ki, camaatın uşaqları kitab oxusun. Yəni kitab böyük bir mədəniyyətdir, mənim dərdim kinodan da əvvəl kitabdır. Gərək kitab olsun ki, kino olsun. Xeyli sayda kitabxananı bağlayıb, kitabxanaçıları da çölə atdılar. Dedilər ki, kitabxanaçılara maaş çatdıra bilmirik, ona görə də kitabxanaları bağladıq. Hamı bilir ki, kitabxanaçılar ayda 200-300 manat maaş alır. Mədəniyyət Nazirliyində olan yeyintiləri hesabladım, o pulla 30 il kitabxanaçılara maaş vermək olardı.

Yeni təyin olunan gənc kadrlara gəldikdə, nazir müavini təyin olunan Murad Hüseynovu tanıyıram. Gözəl mədəniyyət işçisidir, bəstəkar, peşəkar pianoçudur. Rəhbəri olduğu Muğam Mərkəzindəki fəaliyyətini, orada keçirilən tədbirləri, muğam axşamlarını görmüşük. İnanıram ki, o da gəlişi ilə nazirliyin işinə dəstək verəcək. Hesab edirəm ki, bizlər də, həmçinin mətbuat da bu yeniliklərə dəstək olmalı, yeni gələn kadrları “vurmamalıyıq”. Jurnalistlər nöqsanları daha tez görə bilir, görsünlər, qeyd etsinlər, amma onu sevərək deyək, qərəzlə deyil..."

Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev dedi ki, kadr dəyişiklikləri vəziyyətə təsir edə bilər, amma çox böyük deyil: “Məsələn, şəxsən öz sahəm barəsində deyə bilərəm ki, kinomuzu ayağa qaldırmaq, dirçəltmək üçün kimlərisə gətirməyə, kadrları dəyişməyə ehtiyac yoxdur, burada əsas məsələ kinematoqrafçıların beynində dəyişikliklərin getməsi, inkişafıdır. Bir daha qeyd edirəm ki, iqtisadi təşkilat məsələləri vacibdir, amma bu, ikinci dərəcəlidir. Birinci dərəcəli məsələ təhsil, savad, kino aləmində işləyən adamların beyni zövqü, şəxsiyyət səviyyəsidir”.

Teatrşünas Xəyalə Rəis Mədəniyyət Nazirliyində dəyişiklikləri qaçılmaz hesab edir: “Artıq bir neçə ildir ki, qurumda baş verən problemlər, qalmaqallar, korrupsiya məsələsi mətbuatın gündəmini zəbt etmişdi. Bu problemlər ona görə baş verir ki, mədəniyyət sahəsində görülən işlər göz önündədir, onları saxlamaq, gizlətmək, idarə etmək, yola vermək, üstünü örtmək, malalamaq mümkünsüzdür. Ona görə də bütün sistem bir yerdən, rəhbərlik tərəfindən idarə olunmalıdır. Bizim də əsas problemimiz rəhbər vəzifəyə bu işi bilməyən insanlara həvalə olunması dayanır. Necə deyərlər, "Çörəyi ver çörəkçiyə birini də üstəlik". Heç kəsdən gizlin deyil ki, Mədəniyyət Nazirliyində ixtisaslı kadrların yerini müəyyən vasitələrlə işə götürülən qeyri-mədəniyyət sahəsində təhsil alanlar tutur. Bu barədə Adil Kərimli də öz açıqlamasında etiraf etmişdi. Onun sözlərindən belə çıxır ki, mədəniyyət sahəsində çalışanların 93 faizi qeyri-ixtisas sahibidir. Əlbəttə ki, bu məsələnin kökü ciddi şəkildə araşdırılmalıdır. Uzun illər bu sahədə hökm sürən boşluqdan sui-istifadə edilib, mədəniyyət müəssisələrinə rəhbərlik edənlər öz qohum-əqrəbalarını, tanış-bilişlərini işə götürüblər. Burada korrupsiya amili də istisna deyil. Bilirsiniz ki, son illər Mədəniyyət Nazirliyində keçirilən əməliyyatlar nəticəsində iri ranqlı məmurlar həbs olundular və onların məhkəmə prosesi zamanı saysız ciddi faktlar üzə çıxdı, korrupsiya, rüşvət kimi amillərdən danışıldı. Bölgələrdə ixtisaslı kadrların azlığı da bundan qaynaqlanır. Fikrimcə, mədəniyyət idarələrində, musiqi məktəblərində, kitabxanalarda, muzeylərdə və başqa müəssisələrdə dərin araşdırmalar aparılarsa, bütün faktlar aşkara çıxar". //musavat.com//

Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb
Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb
Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb
Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb
Naxçıvanda “Sərvət” kimlərə sərvət qazandırıb - 8 milyon manata yaxın dövriyyə, 400 manat vergi
Naxçıvanda “Sərvət” kimlərə sərvət qazandırıb - 8 milyon manata yaxın dövriyyə, 400 manat vergi
Naxçıvanda “Sərvət” kimlərə sərvət qazandırıb - 8 milyon manata yaxın dövriyyə, 400 manat vergi
Naxçıvanda “Sərvət” kimlərə sərvət qazandırıb - 8 milyon manata yaxın dövriyyə, 400 manat vergi
Oğlanlar "TikTok"da tanış olduqları 13 yaşlı iki qızla gecəni keçirdilər - Biri həbs olundu
Oğlanlar "TikTok"da tanış olduqları 13 yaşlı iki qızla gecəni keçirdilər - Biri həbs olundu
Oğlanlar "TikTok"da tanış olduqları 13 yaşlı iki qızla gecəni keçirdilər - Biri həbs olundu
Oğlanlar "TikTok"da tanış olduqları 13 yaşlı iki qızla gecəni keçirdilər - Biri həbs olundu
Azərbaycanda beşulduzlu otellərin fantastik YENİ İL QİYMƏTLƏRİ - 4300 MANAT...
Azərbaycanda beşulduzlu otellərin fantastik YENİ İL QİYMƏTLƏRİ - 4300 MANAT...
Qarabağ Dirçəliş Fondu tendersiz Rusiya şirkəti ilə 24,6 milyonluq müqavilə imzalayıb
Qarabağ Dirçəliş Fondu tendersiz Rusiya şirkəti ilə 24,6 milyonluq müqavilə imzalayıb