kanal1

Əsgər atasına oğlunun ölüm səbəbi ilə bağlı OBYEKTİV MƏLUMAT VERİLMİR - NARAZILIQ VAR!

Tarix:22-11-2022, 13:57
Baxış Sayı:33

Əsgər atasına oğlunun ölüm səbəbi ilə bağlı OBYEKTİV MƏLUMAT VERİLMİR - NARAZILIQ VAR!


Ötən gün "Hürriyyət"in redaksiyasına müraciət edən Zəngilan rayonu, Xəştab kənd sakini, ikinci qrup əlil Tofiq Musa oğlu Alışov yeganə övladı Musa Tofiq oğlu Alışovun hərbi xidmətdə olduğu müddətdə dünyasını dəyişdiyini və hadisənin üzərindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də ona oğlunun ölüm səbəbi ilə bağlı obyektiv məlumat verilmədiyini bildirib.

"Zabitləri oğlum haqqında müsbət fikirdə olub, onun barəsində xoş sözlər söyləyiblər, bir sözlə, oğlum ləyaqətlə xidmət edib"

Övladının 11 fevral 2003-cü il tarixdə dünyaya gəldiyini, 2021-ci ilin iyul ayında isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldığını deyən şikayətçinin sözlərinə görə, oğlu nümunəvi xidmət göstərib, zabitlər onun haqqında daim müsbət fikirdə olublar: "Mən daim onunla əlaqə saxlayır, bir neçə dəfə yanında olmuşam. Hətta hər ay zəruri ehtiyacları belə, evdən göndərilib. Səhv etmirəmsə, sonuncu dəfə avqust ayının 16-sı, ya da 17-si oğluma baş çəkmiş, görüşüb söhbətləşmişik. Həmçinin, oğlumun zabitləri ilə görüşmüş, onun probleminin olub-olmaması ilə maraqlanmışam. Zabitləri oğlum haqqında müsbət fikirdə olub, onun barəsində xoş sözlər söyləyiblər. Bir sözlə, oğlum ləyaqətlə xidmət edib. Sentyabrın 10-da isə qardaşım oğlu onun yanına gedib. Qeyd edim ki, mən oğlumun yanına gedəndə o, Beyləqan rayonunda, daha dəqiq desəm, Bolsulu kəndində, qardaşım oğlu getdikdə isə Zəngilan rayonunun Cahangirbəyli kəndində olub. Bir gün sonra, yəni sentyabrın 11-də qardaşım oğlu oğlumun yanından qayıdıb və mənə onun haqqında ətraflı məlumat verib, hər şeyin qaydasında olduğunu, probleminin olmadığını bildirib. Lakin sentyabrın 12-si gündüz saatlarında oğluma 3 dəfə zəng etsəm də o, mənə cavab vermədi. Axşam təxminən, saat 7-8 arası olardı, özü mənə zəng etdi, danışdıq, hal-əhval tutdum. Oğlum "Ata, narahat olma, hər şey yaxşıdır, heç bir problemim yoxdur" dedi. Oğlumla sağollaşdıqdan bir neçə saat sonra, axşam 11-in yarısında həyat yoldaşım dedi ki, bir nəfər səninlə danışmaq istəyir. Həmin şəxslə əlaqə qurduqda "Musa Alışovun atası sənsən?", deyə sual verdi. Cavab verdim ki, bəli. Bu vaxt istər-istəməz həyəcanlandım və nə baş verdiyini soruşdum. Dedi ki, qorxulu bir şey yoxdur, oğlun yaralanıb".

"Onu da bildirim ki, orda oğlumu gətirmək üçün heç maşın da vermirdilər, zabitlər ancaq onu deyirdilər ki, götür apar"

Bundan sonra halının pisləşdiyini, özünə yer tapa bilmədiyini deyən Tofiq Alışov qeyd edib ki, oğlu barəsində məlumat verən şəxs ondan sabah hərbi hissəyə gəlməyi xahiş edib: "Dedim, əgər lazımdırsa bu dədiqə gəlim. Bildirdi ki, yox, səhər gəlib görüşərsiz. Beləcə, səhər oğlumun yanına getdikdə məni morqa doğru yönləndirdilər, dedilər ki, burdadır. Meyitə baxdıqda gördüm ki, oğlum boğazından narın nahiyəsinə kimi yarılıb, sonradan isə tikilib. Onu da bildirim ki, orda oğlumu gətirmək üçün heç maşın da vermirdilər, zabitlər ancaq onu deyirdilər ki, götür apar. Dedim ki, bu övladdır, əsgərdir, toyuq, cücə deyil. Mən bu vəziyyətdə hara və necə aparım?! Əsgər meyitini belə yola salırlar?! Axı, orduya sağlam oğul vermişdim, mənə isə onun ölüsünü qaytardılar. Nə isə oğlumu gətirdik, meyitin yuyulmasında da iştirak etmişəm. Əlinin içi mazutlu idi. Ekspertdən bunun səbəbini soruşduqda dedi ki, analiz götürmək üçündür. Beləcə, oğlumun nəşini Sumqayıta gətirdik, lakin orda şəhidlər xiyabanında dəfn etməyə qoymadılar. Oğlumun cənazəsini gətirən hərbçilər dedilər ki, oğlum özünə qəsd edib. Lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon İdarəsi bununla bağlı mənə heç nə demədi. Sumqayıtda şəhidlər xiyabanında dəfnə icazə vermədikləri üçün oğlumu məhrum atamın yanında torpağa tapşırdıq".

"Oğlumun hərbi xidməti başa vurmasına 3 ay qalmışdı, indi isə o, yoxdur, nə şəhid adı verirlər, nə də hansı şəraitdə həlak olması ilə bağlı məlumat ala bilirəm"

Hadisənin üzərindən 3 ay keçməsinə baxmayaraq, hələ də oğlunun ölüm səbəbi ilə bağlı dəqiq, obyektiv məlumat verilmədiyini vurğulayan Tofiq Alışov əlavə edib ki, indiyədək ona ekspertiza rəyi təqdim edilməyib: "Dünən(srağagün-red.) Sumqayıt Şəhər Prokurorluğunda oldum, eşitdim ki, baş prokuror Kamran Əliyev sabah (bu gün-red.) ora gedəcək. Ona görə də baş prokurorla görüş üçün növbəyə düşdüm. Qeyd edim ki, ilk dəfə oğlumun dəfnindən 15 gün sonra Hərbi Prokurorluğun əməkdaşları mənimlə əlaqə saxlayıb, orada dindirilmiş, verilən suallara cavab vermişəm. Lakin hələ də oğlumun ölüm səbəbini obyektiv araşdıran, bu barədə dəqiq məlumat verən yoxdur. Oğluma şəhid statusu vermirlər, o zaman desinlər ki, övladım necə ölüb. O, özünə qəsd edə bilməzdi, çünki bunun üçün hər hansı əsas, səbəb yox idi. Deməli, onu qətlə yetiriblər. Əgər belədirsə, onda bununla bağlı araşdırma aparmalıdırlar. Lakin məsələyə əhəmiyyət verən yoxdur. Odur ki, "Hürriyyət" vasitəsiylə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva, baş prokuror Kamran Əliyevə müraciət edir, onlardan oğlumun ölüm səbəbinin obyektiv araşdırılmasında yardımçı olmalarını xahiş edirəm. Oğlumun hərbi xidməti başa vurmasına 3 ay qalmışdı, indi isə o, yoxdur. Nə şəhid adı verirlər, nə də hansı şəraitdə həlak olması ilə bağlı məlumat ala bilirəm".

"Hürriyyət"

P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO