ictimailider.az
“ASAN Könüllüləri” Təşkilatı “Coca Cola Fondu” ilə birgə sosial yardım layihəsinə başlayır
Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola Fondu” ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizəyə dəstəyini davam etdirmək üçün yeni sosial layihəyə başlayır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fondun maliyyələşdirdiyi layihə çərçivəsində ASAN könüllüləri karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim edəcək. Bununla yanaşı, 3500 aztəminatlı ailə ərzaq və şəxsi gigiyena vasitələri ilə təmin olunacaq. Həmçinin layihə çərçivəsində COVID-19 infeksiyasının yayılmasının qarşısını almağa kömək məqsədilə əhali arasında sosial şəbəkələr vasitəsilə müxtəlif maarifləndirmə işi aparılacaq.
Layihə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün “Coca-Cola” ilə əməkdaşlığın davamıdır.
Xatırladaq ki, bundan öncə “ASAN Könüllüləri” Təşkilatı “Coca-Cola Azərbaycan”ın dəstəyi ilə ölkəmizdə karantin rejimində çalışan xəstəxanalar üçün 120 min su məhsulunun çatdırılmasını təmin edib.