kanal1

Təhsil Nazirliyi yanında İctimai Şura valideynlərlə niyə məzə tutur? - HƏQİQƏTƏN DƏ...

Tarix:5-03-2022, 10:23
Baxış Sayı:18

Təhsil Nazirliyi yanında İctimai Şura valideynlərlə niyə məzə tutur? - HƏQİQƏTƏN DƏ...

Azərbaycan möcüzələr ölkəsidir. Hər mənada biz dünyanı təəccübləndirə bilirik. Məsələn, dünyanın super dövlətlərinin, BMT və Avropa Şurasının 30 ilə həll “edə bilmədiyi” problemi Azərbaycan xalqı 44 günə yoluna qoydu. Bu cür qürurverici misallar da çəkmək olar.

Lakin biz dünyanı daha çox “innovativ” ideyalarımızla təəccübləndiririk. Elə son hadisəni nümunə gətirə bilərəm.

Dünən Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir. Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər kəs nəzarət etməlidir:

“Belə hallarla qarşılaşanlar [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər”, -deyə müraciətdə bildirilir.

Sizcə dünyanı təəccübləndirməyin bundan yaxşı yolu ola bilərmi? Məncə yox.Təhsil sisteminə nəzarət edən qurum durub valideynlərdən acizanə xahiş edir ki, müəllimlərə pul (rüşvət yox haaa. Çünki, təhsil sistemində rüşvət “yoxdur) verməyin.

İndi həmin İctimai Şuraya və cavan nazirimizə demək istəyirəm ki, heç kim pulundan bezməyib. Və kiməsə də pulu (rüşvətə “yox” deyirik) kefimizdən vermirik. Bizi pul verməyə məcbur edən səbəblər var.

Birinci səbəb mənəvi-psixoloji problemdir. Valideyn müəllimə və yaxud direktora görüm-baxım eləməsə, onda onun uşağı açıq-aydın gözümçıxdıya salınacaq. Məqsədli şəkildə uşağın qiyməti kəsiləcək, qərəzli şəkildə sinifdə danlanılacaq. Sonda isə uşağın həmin məktəbdən çıxarılması məsələsi qoyulacaq. Belə vəziyyətdə isə valideynin nəinki direktora, heç müəllimə hansısa təsir imkanı olmur. Ən yaxşı halda Təhsil Nazirliyinə şikayət edilir. Edilən şikayətsə sonda hərlənib-fırlanıb şikayət olunanın – yəni məktəb direktorunun özünə gəlir. Məktəb direktoru da hamının qarşısında şikayətçi valideyni aşağılayır.”Hə, nə oldu? Məndən şikayətləndin. Bu da sənə şikayətin cavabı”,- deyib məktubu kənara fırladır.

Belə vəziyyətdə valideynə iki çıxış yolu qalır: Ya məktəbin “qaydalarına” boyun əyməlidir, yada ki, uşağını məktəbdən çıxartmalıdır. İkinci yol valideyn və uşaq üçün daha travmatik olduğu üçün məcburən birinci yolu seçilir.

İkinci problem məktəb direktorlarına və yerli məmurlara verilən hüdudsuz səlahiyyətlərdir. Direktor məktəbin hakimi-mütləqidir. Hər direktorun öz idarəetmə qaydaları var. Ona görə də bu gün hansısa məktəb direktorunun cəzalandırılması bəzən ümumxalq bayramına çevrilir.Hər kəs ən azı bir həftə bu məsələni danışır. Çünki, məktəb direktorlarının təyinatında qaranlıq məqamlar çoxdur, şəffaflıq yoxdur.

Bu gün kiminsə adamı olmayan şəxs məktəb direktoru ola və yaxud işləyə bilməz. Çünki, rayon icra hakimiyyətindən tutmuş digər strukturlara qədər məktəb direktorlarına “yağlı tikə” kimi baxırlar. Sahibi olmayan “tikəni” isə çox tez “udurlar”.

Ona görə də “ho,ho deməklə donuz tarladan çıxmaz”. Valideynlərə müraciət problemin həll yolu deyil. Çünki, bu məsələdə valideyn hər zaman ziyan görən tərəfdir. Bunun da tək səbəbi odur ki, təhsli sistemimiz başdan-başa korrupsiyalaşıb. Korrupsiyalaşmış sistem isə artıq xəstə deməkdir.

Çox təəssüf ki, bu gün Azərbaycan təhsili reanimasiyadadır. Müalicəsi isə mümkün deyil. Çünki immunitet yoxdur. Son 25 ildə Azərbaycanın təhsil sistemi eksperimentlər poliqonuna çevrilib. Dünyada ilk ağla gələn hər ideya məhz Azərbaycan təhsilində sınaqdan keçirilib. Tək bir faktı deyim ki, son 25 ildə ölkəmizdə ən çox beynəlxalq qrant alan sahə təhsil sistemidir. Bu qrantlar isə elə-belə verilmir. Beynəlxalq donorların məqsədi, qayəsi odur ki, Azərbaycanın Sovetlər dönəmindən qalan güclü təhsil sistemini məhv edilsin.

Çünki Sovetlər birliyi dönəmində Azərbaycan fizikləri, riyaziyyatçıları, astronomları dünyanı heyran buraxmışdı. Hələ neft sənayesini demirəm. Azərbaycan dünyanın neft-qaz sahəsinin elmi beşiyi sayılırdı. Bütün dünyadakı neft emalçıları Azərbaycanın elmi nailiyyətlərindən əsaslı şəkildə bəhrələnirdi. Neft-Kimya İnstitunun tələbələrinin 20-30 faizi hər zaman əcnəbilər olub.

Bəs bu gün vəziyyət necədir? Tək bir faktı deyəcəm. Azərbaycan ali məktəblərinin diplomları Biləcəridən o tərəfdə, hətta qardaş Türkiyədə belə tanınmır. Deməyim odur ki, bu gün Azərbaycan təhsili son nəfəsini verir. Korrupsiya təhsil sisteminin iliyinə qədər işləyib. Uşaq bağçası-körpələr evindən başlayıb Elmlər Akademiyasına qədər bütün sistem rüşvətin məngənəsində boğulur.

Doğrudur, indi rüşvətın adı dəyişdirilib. Uşaq bağçasında ona “şirinlik”, orta məktəbdə “fonda dəstək” deyirlər. Ali məktəblərdə isə rüşvət leqallaşıb. Adı “təhsil haqqı” olub. İmtahandan kəsildin, əlavə ödəniş etməlisən, dərslərdən yayındın, əlavə pul yatırmalısan. Və ən başlıcası bu gün ali təhsil müəssisələrinə qəbulun 80 faizi pullu sektor üzrə aparılır.

Bir sözlə Azərbaycan təhsili başdan-başa problem içindədir. Cavan Təhsil nazirimiz Emin Əmrullayev isə bu problemlərin həllində çox çarəsiz və gücsüzdür. Hətta o qədər gücsüzdür ki, bəzən sıradan bir məktəb direktorunu cəzalandırmağa belə gücü çatmır. Təhsil Nazirliyi yanında İctimai Şura da bu vəziyyətdə valideynlərlə məzələnir. Çünki, bu Şuranın yaradılması özü məzəli bir şeydir…

Surxay Atakişiyev,
KONKRET.az

Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” –3 milyonluq gübrə ilə
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” –3 milyonluq gübrə ilə
İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ
İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
Ağdaşda ailə faciəsi: Qardaş qardaşı öldürdü
Ağdaşda ailə faciəsi: Qardaş qardaşı öldürdü
Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...