kanal1

Prezident və xanımı Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladı

Tarix:26-02-2022, 15:09
Baxış Sayı:35

Prezident və xanımı Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Nekroloqda deyilir:

“Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz veribir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əlibaba Balaəhməd oğlu Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 93-cü ilində vəfat edib.

Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alıb, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnib.

Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaratdığı “Hümayun” xalq çalğı alətləri ansamblına otuz il boyunca rəhbərlik edib. O, eyni zamanda, 1978–1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub.

Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşmış, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirib. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırıb. Sənətkarın müqtədir şairlərimizin şeirlərinə sözlə musiqinin uğurlu vəhdətində bəstələdiyi çox sayda mahnı və təsniflər dillər əzbəri olub, dinləyicilərin qəlbində silinməz iz qoyub.

Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılayıb. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülüblər. Muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihə və proqramlarda yaxından iştirakı Əlibaba Məmmədovun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində çoxillik səmərəli fəaliyyətinin ayrılmaz parçasıdır.

Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “İstiqlal” və 2020-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Əlibaba Məmmədovun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Zeynəb Xanlarova

Arif Babayev

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov”

“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..