kanal1

Hökumət məmurlara bağlı şirkətlərə güzəştə gedir? - Ekspert danışır

Tarix:22-02-2022, 17:42
Baxış Sayı:30

Hökumət məmurlara bağlı şirkətlərə güzəştə gedir? - Ekspert danışır

Bu günlərdə Baş nazir Əli Əsədovun sədrliyi ilə keçən İqtisadi Şuranın növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub.

Nazirlər Kabinetinin məlumatına görə, iclasda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub. Bu baxımdan Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri barədə müzakirələr aparılıb.

Ardınca məlum olub ki, Azərbaycana idxal edilən minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlər veriləcək.

Marja xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, bir ay öncə Nazirlər Kabinetində ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdi. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılmışdı. Ötən müddət ərzində də bu istiqamətdə həyata keçirilən tədbir kimi Dövlət Ehtiyatları Agentliyinin nizamnaməsi təsdiqlənib. Ancaq müvafiq qurumlar tərəfindən hər hansı təkliflərin təqdim edildiyi ictimaiyyətə açıqlanmayıb. Beləliklə, keçirilən son növbəti iclasda demək olar ki, eyni mövzular müzakirə edildi. İclasda inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması vurğulanıb.

Bu gün ölkədə inflyasiya iqtisadiyyata xələl gətirəcək həddədirmi və əgər istehsal monopoliyadadırsa subsidiya mexanizmindən eyni şəxslərmi yararlanacaq? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bununla bağlı bildirib ki, Azərbaycanda inflyasiya artıq kifayət qədər təhlükəli həddədir:

“Normal məqbul və iqtisadi aktivliyə müsbət təsir edə biləcək inflyasiya həddi 2-4 faiz civarında olur. Yəni 2-4 faiz arasındakı inflyasiya iqtisad elmində iqtisadiyyatı stimullaşdıran inflyasiya sayılır. Azərbaycanda isə ərzaq inflyasiyası ikirəqəmli həddədir. Bu isə iqtisadiyyat və vətəndaşlar üçün də əlavə yükdür, ciddi problemdir. Ona görə də hökumətin 2-4 faiz inflyasiya səviyyəsinə hansı mexanizmlərlə çatacaqları ilə bağlı Nazirlər Kabinetinin iclasında heç bir açıqlama verilmədi. Hansısa bir addımların alqoritmi, arcıdıllığı elan edilmədi. Buna necə nail olacaqları, Nazirlər Kabinetinin hansı addımlar atacağı ilə bağlı ciddi boşluqlar var”.

Subsidiya məsələsinə gəldikdə isə ekspert deyib ki, Azərbaycanda zaman-zaman bu alətdən istifadə olunur: “Ölkədə Orta və Kiçik sahibkarlığa Dəstək Fondu, güzəştli şərtlərlə kredit proqramları, aqrar sahədə fəaliyyət göstərən fermerlərə müxtəlif subsidiyalaşdırma mexanizmləri də var. Ancaq bunların normal fəaliyyətini, geri dönüşünü biz görmürük. Yəni bu hansı iqtisadi aktivliyə səbəb olub, hansı əlavə dəyər, nə qədər iş yeri yaradıb? İllərdir bu proqramlar onsuz da var. İndi bunlarla bağlı hansısa bir yeni qərarların olması mümkündürsə, o qərarlar nədən ibarət olacaq, kreditləşmə həcmi artacaq, yoxsa yox? Əsasən kiçik və orta sahibkarlığamı aid ediləcək, yoxsa ümumiyyətlə, iri holdinqlərə, əsasən də məmurlara bağlı iri holdinqlərəmi aid ediləcəyi ilə barədə ipucu yoxdur. Ona görə də Nazirlər Kabinetinin son iclasını itirilmiş zaman hesab etmək olar. Çünki heç bir konkret addımların ardıcıllığını və elanını görmədik, hədəflərə necə çatacaqları ilə bağlı ciddi bir açıqlamaların şahidi olmadıq”.

Təhlükəli hədd kimi 25 faizmi nəzərdə tutulur?

Ekspertin sözlərinə görə, ümumiyyətlə, 25 faiz hiperinflyasiya sayılır: “Dünyada 25 faiz inflyasiyaya dözə biləcək çox nadir ölkələr var. Məsələn, Türkiyədə inflyasiya 40 faizə çatdı, çox ciddi problemlər yaşandı, iqtisadiyyatda daralmalar oldu. Dünyada normal iqtisadi aktivliyə təsir edə biləcək inflyasiya səviyyəsi 2-4 faiz arasıdır”.

Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”
Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Prezident onu rektor təyin etdi - Sərəncam
Prezident onu rektor təyin etdi - Sərəncam
Siyavuş Kərimi vəzifəsindən azad olundu
Siyavuş Kərimi vəzifəsindən azad olundu
TƏHSİLDƏ MİSLİ GÖRÜLMƏMİŞ QANUNSUZLUQ, RÜŞVƏTXORLUQ. BU QƏDƏRİ HEÇ KİMİN AĞLINA GƏLMƏZDİ...
TƏHSİLDƏ MİSLİ GÖRÜLMƏMİŞ QANUNSUZLUQ, RÜŞVƏTXORLUQ. BU QƏDƏRİ HEÇ KİMİN AĞLINA GƏLMƏZDİ...
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...