ATESH.Az saytının məlumatına görə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri BAYAT elidir. Bayat eli Ağcabədi rayonunda yerləşir. Dədə Qorqud dastanının ilk sətirlərində yazılıb ki, Dədə Qorqud məhz bu eldən çıxıb. Qədim zamanlardan mərd və igid oğulları ilə seçilən Bayat elinə daxil olan kəndlərdən biri Ağcabədi rayonunun Qaraxanlı kəndidir. 44 günlük Vətən müharibəsi dövründə bu kəndin oğulları da silaha sarılıb 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün müqəddəs savaşa qoşuldular. Filmin qəhrəmanları bu kəndin 3 oğuludur - Məmmədov Ceyhun Qafar oğlu, Quliyev Nurlan Şükür oğlu, Allahverdiyev Rövşən Fərrux oğlu. Onların üçü də Vətən müharibəsində şəhid olublar. Ceyhun 2020-ci il oktyabrın 25-də Füzulinin azad olunmasına görə keçirilən əks-hücum əməliyyatlarından birində qəhrəmancasına şəhid olub, Nurlan noyabrın 1-də Daşaltı istiqamətində gedən döyüşlərdə canını fəda edib, Rövşən isə sentyabrın 27-də Füzuli rayonunun kəndlərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Bir kəndin 3 igidinin vətən naminə həyatını qurban verməsinin əsasında dayanan, onları bu addımı atmağa vadar edən bir səbəb var. “Yuva” filmində vurğulanır ki, həmin səbəb şəhidlərimizi bu torpağa bağlayan, onların vətənpərvərlik duyğularını daim yüksək səviyyədə saxlayan elimizin-obamızın mərd və vətənsevər oğullarının qanları ilə, istedadları ilə yazdıqları igidlik dastanlarıdır. Təqdim olunan filmdə Qaraxanlı kəndinin də daxil olduğu Bayat eli haqqında, bu elin görkəmli şəxsiyyətləri və 1-ci Qarabağ müharibəsində şəhid verdiyi inları haqqında qısa məlumatlar verilir. Təbii ki, şəhid Məmmədov Ceyhunun, şəhid Quliyev Nurlanın və şəhid Allahverdiyev Rövşənin ailə üzvləri, dostları və döyüş yoldaşları da danışacaq. Bununla belə əsas vurğu ona ediləcək ki, bu insanların şəhidlik yolunu getməsi üçün ailə tərbiyəsi, elin-obanın onlara verdikləri biliklər mühüm və bəlkə də həlledici rol oynayıb. Bu səbəbdən “Yuva” filmində bu istiqamətə xüsusi diqqət yetirilir. Filmin yekununda o da qeyd olunur ki, Azərbaycanın elə bir kəndi, elə bir qəsəbə və şəhəri yoxdur ki, ərazilərimizin bütövlüyü uğrunda gedən 44 günlük müharibədə şəhid yaxud qazi verməsin. Çünki Azərbaycan minlərlə, milyonlarla yuvadan ibarət olan bir yurd, müqəddəs bir eldir. Film Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın məhz Azərbaycan gənclərinin qəhrəmanlığı sayəsində azad edilməsi barədə sözləri ilə yekunlaşır.