“İlk oyunumuz qrupun güclü komandasına qarşı olacaq. Yaxşı, gənc futbolçulardan təşkil olunmuş komandamız var. Hər biri keyfiyyətli, bizim üçün dəyərli oyunçulardır. Daha çox birlikdə oynamalıyıq. Bizə vaxt lazımdır”.
Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu öncəsi mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis rəqibin daha təcrübəli olduğunu bildirib: “Məşqlərdə üzərində çalışdıqlarımızı meydanda yerinə yetirməklə ilk xalımızı qazanmağa çalışacağıq. Portuqaliya yığması ilə oyunda onlara boşluq verməməliyik. Onların nəyə qadir olduqlarını bilirik. Oyunda passiv olmamalıyıq, qorxmamalıyıq. Bizim üçün çox çətin imtahan olacaq. Meydanda istədiyimizi reallaşdırsaq, yaxşı oyun nümayiş etdirə bilərik”.
“Sabah Ronaldonun “evində” oynayacağıq. Taktiki baxımdan maraqlı oyun olacaq. Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik", - deyə yığmamızın məşqçisi fikrini tamamlayıb.