BakuNews.az-a daxil olan məlumata görə, bir müddət öncə məktəbdə riyaziyyat müəlliməsi kimi fəaliyyət göstərmiş Vəfa Həziyeva buraxdığı ciddi nöqsanlara görə işdən azad edilib. Lakin o, vəzifəsindən azad olunduqdan sonra sosial şəbəkələrdə, xüsusilə də WhatsApp statuslarında paylaşdığı təhqiramiz və təhdid xarakterli paylaşımlarla məktəb kollektivini və rəhbərliyi açıq şəkildə hədəf alıb.
Vəfa Həziyevanın statuslarında yer alan ifadələr etik çərçivədən kənar olmaqla yanaşı, həm də hüquqi baxımdan təhqir, şantaj və şəxsi nüfuzun alçaldılması elementləri daşıyır. Onun "mənimlə məzələnənin anasından əmdiyi südü burnundan gətirərəm..." kimi ifadələrlə müəllim adına yaraşmayan açıqlamaları məktəbin nüfuzuna ciddi xələl gətirib. Təhsil ekspertləri bildirirlər ki, bu cür davranışlar pedaqoji prinsiplərə və müəllim etikası normalarına tamamilə ziddir.
Məsələnin hüquqi qiymət alması üçün müvafiq addımlar atılması gözlənilir. Hüquq-mühafizə orqanları tərəfindən bu cür təhdidlərin araşdırılması və məsuliyyət tədbirlərinin görülməsi vacib sayılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil haqqında qanununa əsasən, müəllimlər yalnız tədris deyil, həm də davranış baxımından örnək olmalı, cəmiyyətdə pedaqoji nümunə sərgiləməlidirlər. Lakin bu cür hallar həm şagirdlərə, həm valideynlərə, həm də təhsil müəssisəsinin ictimai imicinə mənfi təsir göstərir.
BakuNews.az məsələni izləyir və mövzu ilə bağlı yeni məlumatları ictimaiyyətə təqdim edəcək.
BakuNews.az