Hər biri bir başqadır. Bəlkə, nə vaxtsa eyni zamanda, eyni nəqliyyatda düz yanında oturmuşuq. Amma, biz də fərqində olmamışıq. Ayrı-ayrı şəhərlər, rayonlar, ayrı küçələr, ayrı dostlar, ayrı əhatələr ancaq burda birləşiblər. Ləhcələri də fərqlidir. Boyları, saçları, üzləri –hamısı fərqlidir. Çox maraqlıdır. Görəsən hamısı bir dəyərdə necə birləşiblər?!
Qorxuları da başqadır onların. Elə qorxarlar ki, qorxuları cəsarətindən əksik olar. Bir-birinə arzuları isə çox qəribədir. İstedadları da fərqlidir onların... İfaları, rəqsləri –hərəsi bir dünyadır.
Uşaq kimidilər bəzən. Bəzən orda bir oyun kimi gələr hər şey onlara. Oyun oynayırmışlar kimi döyüşərlər. Hər gün qaçarlar, özləri də niyəsini bilmədən : yerimək asan gəlsin deyə. Bax, məhz Qarabağ dağlarını, uca zirvələri fəth etmək onlara asan gəlsin deyə...
Soyuqdur, həmin soyuqda sadəcə durmaq çətin gəlir insana. Amma onlar Vətənə uzanıb yatırlar. Bəzən 2, 3, bəzən də 4 günün yorğunluğunu, yuxusuzluğunu bərpa edərlər. Darıxarlar, burunlarının ucu göynəyər sevdikləri üçün. Amma, deməzlər. Məğrur durmağa çalışarlar. O başkəsən oğlanların hamısının içində sevdiklərinə qarşı çox məsum ürəkləri var. Düşmən önündə olmasa da, telefon qulaqlarında həyəcandan ürəkləri döyünər...
Məktuba düzərlər öz ürək sözlərini. Çatıb-çatmadığını araşdırmazlar heç. Bir ayağı burda, bir ayağı orda düşünərlər özləri haqda. Bura bəlkə gəlməməli idim!-düşüncəsini birmənalı inkar edən dəli-dolu bir həsrət var içlərində. Bir növ sevgin iki yerə parçalanıb – ikisi üçün də önəmlisən. Amma, an etibarilə onlar hər şey üçün darıxarlar: ata-ana üçün, sevgilisi üçün,övlad, qardaş-bacı üçün, ev, yemək, məhəllədəki dostları – hamısı başqa-başqa həsrət yaşarlar. Dedim axı, uşaq kimidilər. Bəzən, müharibə zamanı mübahisəyə belə zaman ayıra bilmirlər. Amma bir-birlərini çox istəyərlər, qoruyarlar. Elə qəhrəmanlıq edərlər ki, valideynləri belə, Oğlumu gördüm, tanımadım, deyərlər.
Qəhrəmanlar demişkən, tarix hər zaman qəhrəmanları yenidən təkrarlar, unutdurmaz !!!