Əzizlərimizin dəyərini bilmək hər birimizin həyati borclarından biridir. İnsanlığın təməl daşıdır. Ömrün simvoludur .İlahi təmasın dirəyidir. Həyati anlamlarımızın dəyəridir. Arzularımızın baş tacıdır. Bizi dünyaya gətirənlərə olan sevgimiz doğulandan ölənə qədər bizi tərk etmir. Eyni zamanda, bizim övladlarımızın sevgisi.
Həyatı borclarımızı ödəməyə təkcə ağıl bəs etmir. Arzu, istək, maddi və mənəvi kömək, diqqət, qayğı təkcə doğmalarımıza deyil ,ətrafımızdakı hər kəsə qarşı olmalıdır, sevənlərə də, sevməyənlərə də. Bu da ilahi borclardandır. Amma bunu borc kimi yox, qəlbimizə həzz verən bir əməl kimi etmək hər kəsə nəsib olmur. Bu nəsibə çatanların şükürü də əksik olmur. Bu da ilahi məqamın yüksəlişidir. Heç vaxt unutmamalıyıq ki, hər pis işdə bir xeyir var. Dünyəvi və ilahi imtahanların bir çoxuna cavab tapmasaq da, bacarıqlarımızdan düzgün istifadə bu cavabların yerini tuta bilər.
Bir çoxumuz öz övladları olandan sonra atanın ananın qədrini bilirlər və onu da deyək ki, bir çoxlarımız bizə yaxşılıq edənlərin xüsusi məqsədləri olduğunu düşünürlər. Demək ki, həyat təkcə təmiz, saf, gözəl düşüncəli insanlardan ibarət deyil. Bu hissə sədaqətin yoluna kölgə salır. Pis əməllərə yol açır. Bundan özümüzü qorumaq üçün səbir, ümid, möhkəm iradəyə sahib olmaqla yanaşı, ilahi mübarizəyə yol yoldaşı olmalıyıq.
Bəli həyat mübarizə etməyi bacaranlarındır, bu imtahan dünyasının təməl daşıdır.
Doğulanda yemək üçün çığırırıq, sonra istədiklərimizi əldə etmək üçün, sonra hər şeyi öyrənmək, yaşam ehtiyacını qazanmaq üçün artıq çığırmaq işə yaramır. Kimisə nəyəsə məcbur etmək deyil, özünün zəhməti çəkməyin vacibdir. Yazdıqlarım bəlkə də uşaqları öyrətmək kimi səslənir. Ancaq həyatı biliklər hər zaman təkrarlanmağı sevir. Həyatı borclar çox zaman vicdanı borcları da unutdurur.
Publisist fikirlərə vaxt ayırmaq hər zaman vacibdir. Bu düşüncələr, mütaliə, kimlərləsə qarşılıqlı anlaşma həyatımıza xoş aydınlıq gətirməklə yanaşı, ətrafımızdakı insanlarla diqqət, qayğı, mehribanlıq rəmzinin sütunları olduğunu anladır.