Xəbər verildiyi kimi, Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.
O, fəaliyyətini Xarici İşlər Nazirliyində davam etdirəcək.
Elnur Məmmədovun bir neçə gün əvvəl Təhsil naziri vəzifədən azad edilərək, Xarici İşlər naziri postuna təyin edilən Ceyhun Bayramovun müşaviri vəzifəsinə təyinat aldığı bildirilir. Ancaq bu yerdəyişmə, E.Məmmədovun yeni vəzifəyə gətirilməsi strateji sahələrdən olan XİN sistemində kadr dəyişikliklərinin necə aparılacağı bardə müzakirələrə səbəb olub. Bəziləri bunu normal qarşılasa da, bir çoxları XİN sistemində peşəkar diplomat kadrlara üstünlük verilməsinin vacibliyini vurğulayıb.
İndiyə qədər XİN-nin fəaliyyəti barədə tənqidi fikirləri ilə dəfələrlə gündəmə gələn deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Cebhe. info-ya bildirib ki, Ceyhun Bayramovun özünə əvvəl çalışdığı nazirlikdən müşavir gətirməsi tamamilə normaldır: “Hər halda Ceyhun Bayramov öz səviyyəsində olmayan bir şəxsi təsadüfən müşavir gətirə bilməz. Gətirilən müşavir də yəqin ki, üstün keyfiyyətlərə malikdir. Bundan sonra da Ceyhun Bayramov bu və ya digər şəkildə diplomatik və xarici siyasətlə birbaşa bağlı olmayan insanları kənardan cəlb edə bilər. Bu hal mümkün və normaldır”.
Deputatın sözlərinə görə, bəribaşdan Xarici İşlər naziri vəzifəsinə yeni təyinat almış Ceyhun Bayramovu təftiş etmək doğru olmaz: “Ceyhun Bayramov kifayət qədər təcrübəli, idarəçiliyin müəyyən pillələrindən keçərək formalaşan, yüksək formada özünü təqdim və təsdiq edən, eləcə də dövlətçiliyimizə sadiq olan məmurlarımızdandır. Ölkə Prezidentinin kadr siyasəti olduqca uğurludur. 2018-ci ilin prezident seçkilərindən sonra onun ən yüksək vəzifəyə gətirdiyi məmurlar bu günə qədər həm ölkə prezidentinin, həm dövlətimizin, bütövlükdə xalqımızın etimadını doğultmaqdadır. Baxın, onlar haqqında hansı böhtan, xoşagəlməz fikirlər söylənilir? Mən rast gəlməmişəm, çünki buna onlar əsas vermirlər. Həm də unutmayaq ki, onlar müstəqillik dövründə formalaşan, bu dövrün məhsulu olan məmurlardır. Bu baxımdan, Ceyhun Bayramov da yüksək etimada layiqdir və əminəm ki, bu vəzifənin öhdəsindən gələcək.
Bəs, nəyə görə Xarici İşlər naziri postuna həmin nazirliyin daxilindən deyil, kənardan, yəni Ceyhun Bayramov gətirildi? Ola bilsin ki, Ceyhun Bayramovun beynəlxalq münasibətlər və beynəlxalq hüquqdan geniş mənada biliyi yoxdur. Bu, tamamilə mümkündür. Hər bir kəs enslopedik biliyə malik ola bilməz. Ancaq Ceyhun Bayramovun idarəçilik qabiliyyəti və bacarığı yüksək səviyyədədir. Orada əsas iş bir nazir olaraq nazirliyin işini koordinasiya edib onu yüksək səviyyədə qurmaqdır. Heç şübhəsiz ki, özünün müavinləri və müşavirləri ilə ölkə Prezidentinin vermiş olduğu tapşırıqları dərindən mənimsəməklə xarici siyasətdə də Xarici İşlər naziri kimi öz işini yüksək səviyyədə quracaq. Unutmayaq ki, onun həm də hüquq təhsili var”.
Deputat Ceyhun Bayramovun Xarici İşlər naziri postuna təyinatını daha vacib məqamla əlaqələndirib: “Elmar Məmmədyarov həmin nazirliyi elə bir vəziyyətə salıb ki, nazirlikdə çalışanlar bu və ya digər şəkildə bir-birlərinə o qədər bağlıdırlar ki, daxildən kiminsə nazir qoyulması ölkə Prezidentinin gözlədiklərini verə bilməzdi. Uzun illər bir yerdə çalışırlar, münasibətlər var və bu münasibətləri qırmaq ciddi psixoloji problemdir. Ona görə də elə bir insan nazir postuna gətirilməli idi ki, o, həmin nazirlikdə heç kimlə bağlı olmasın və bütün sistem dəyişilsin. Gəlin Ceyhun Bayramovu yaxşı mənada stimullaşdıraq. Ona imkan verilməlidir ki, yeni nazir postunda öz işini qura bilsin. Onu izləyərik, fəaliyyətinı diqqət yetirərik. Fəaliyyətində hər hansı nöqsan baş verərsə, yenə də tənqidsiz və qərəzsiz fikirlərimizi söyləyərik”.(cebhe.info)