Ölkədə turizmin inkişafı prioritet olsa da, bu istiqamətində istənilən nəticə əldə edilməyib.
Bunun səbəbi kimi bir sıra faktorlar göstərilir ki, onlardan biri də qiymətlərin bahalığıdır. Bu, yalnız otellərin, xidmətlərlə bağlı deyil, ölkəyə turist axınının qarşısını alan təyyarə biletlərinin də baha olmasıyla bağlıdır.
Dünən Milli Məclisdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi keçirilib və burada sektorla bağlı mövcud problemlərə toxunulub. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səslənən fikirlərlə bağlı bildirib ki, deputatların turizmlə bağlı səsləndirdiyi bir çox məsələlər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərə alınıb.
O bildirib ki, turizmlə bağlı Strategiyada yer alan məsələlərin tez bir zamanda həll olacağına ümid edirlər:“Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı əhəmiyyətli şəkildə artırıb. Digər məqam turizm sektorunda istehlakçı hüquqlarının qorunması və xidmətin keyfiyyəti ilə bağlı problemdir. Hotellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Bu istiqamətdə də inkişafa nail olmaq üçün normativ bazanın yaradılması vacibdir. Yeni qanun turizm sektorunda davamlı inkişafı dəstəkləməlidir”.
Millət vəkili Aqil Abbas isə çıxışında turizmlə bağlı hazırda əsas problemlərdən biri olan təyyarə qiymətlərinin bahalığına toxunub: “Burada danışırıq. AZAL qiyməti endirəcəkmi? Xeyr, endirməyəck. Özümüz deyib, özümüz eşidirik”.
Deputat bildirib ki, İrəvandan İstanbula reys açılır: “Bizim pulla qiyməti 80 manatdır. Gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın və maşınımla İstanbula ucuz uçuşla gedim. Dövlət AZAL-a bu qədər subsidiya verir, amma qiymətlər endirilmir. Bəlkə ciddi bir müraciət hazırlayaq. Deputatların biletin qiyməti ilə bağlı dedikləri fikirlər havada qalır. Bəlkə heç o barədə danışmayaq?”.
Təbii ki, bu gün turizmlə bağlı problemlərdən danışarkən ən önəmli məqamlardan biri məhz qiymətlərin bahalığı ilə bağlı istehlakçı hüquqlarının pozulmasıdır.
Xatırladaq ki, qiymətlərin yüksək olması ilə bağlı Dövlət Turizm Agentliyi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) idarəetməsi həvalə olunmuş Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət etmişdi.
ictimailider.az bildirir ki, ötən müddət ərzində bu istiqamətdə hansısa dəyişiklik olmasına gəldikdə, DTA-nın müşaviri Kənan Quluzadə Cebhe.info-ya bildirdi ki, müzakirələr davam edir:
“Qiymətlərlə bağlı AZAL-a müraciət edə bilərsiz. Ümumiyyətlə, məsələ aktualdır və müzakirə edilir. Dövlət qurumları arasında olan müzakirədir, normal bir prosedurdur”.
“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski isə AİH tərəfindən qiymətlərlə bağlı quruma hansısa müraciətin edilməsi ilə bağlı cavab olaraq ancaq onu bildirdi ki, cavabı ancaq Azərbaycan İnvestisiya Holdinqi verə bilər.
İqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, AZAL-ın tətbiq etdiyi bahalıq uzun müddətdir ki, davam edir:
“Məndə artıq belə bir fikir formalaşıb ki, biz nə qədər yaşayacağıqsa, bu problem o qədər davam edəcək. Çünki vaxtaşırı, hətta ulu öndər bununla bağlı öz iradlarını bildirmişdi, ölkə başçısı bir neçə dəfə bu barədə fikirlərini bildirib. Hətta Azərbaycan İnvestisiya Holdinqi də yaradılıb ki, bunların fəaliyyəti təkmilləşsin, bazar iqtisadiyyatında sağlam rəqabətyönümlü bir siyasət qurulsun. Bu siyasət nəticəsində gediş-gəlişlərin sayı kifayət qədər arta bilsin. Ancaq göründüyü kimi, heç nəyə- nə qanunvericilikdə, nə idarəetmə üsulunda olan dəyişikliyə reaksiya verilir. Biz neçə illərdir Gürcüstan və digər ölkələri misal gətiririk. Kutaisidə yerləşən aeraportda gediş-gəliş 3 dəfə Azərbaycandan çoxdur. Gürcüstanın əhalisi isə azdır. Ancaq mövcud şərait ölkəyə gedən- gələn turistlərin sayına təsir edir. Turistlər iaşə obyektləri, muzeylərə səfər edirlər və iqtisadiyyata kifayət qədər yatırım gətirirlər. Hər turist bir neçə dollar xərclədikdə, ölkənin makroiqtisadi səviyyəsinə təsir edir. Həmin sahələri genişləndirib, şaxələndirir, dayanıqlılığını artırır”.
İqtisadçı deyib ki, təyyarə biletlərinin bahalığı Milli Məclisdə müzakirə olunsa da, nəticə yoxdur: “Hətta vəziyyət o dərəcəyə çatıb ki, biz Qafqazda, ümumiyyətlə, MDB-də iqtisadi məsələlərdə ən geridə qalmış İrəvanı da misal gətiririk. Bundan böyük biabırçılıq ola bilərmi? Təsəvvür etmirəm ki, nəsə düzələcək. Bundan yeganə çıxış yolu odur ki, bazar liberallaşmalı, digər şirkətlərin bazara daxil olmasına şərait yaradılmalıdır. Rəqabət olmasa, bu vəziyyət olduğu kimi qalacaq”.