kanal1

Eldar Mahmudovun 200 minlik tapşırığı - “MTN işi”

Tarix:14-12-2021, 18:52
Baxış Sayı:82

Eldar Mahmudovun 200 minlik tapşırığı - “MTN işi”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Qaynarinfo xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlan Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar.

İttihama görə, Mövlan Şixəliyev və digər 3 nəfər - İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq İdarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

Mövlan Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq, sonradan məhkəmə dövründə də həbs olunmayıblar. İş üzrə 32 zərərçəkən və dünyasının dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var.

"Ya 200 mini verməlisən, ya da "podval”a getməlisən”

2 aya yaxındır ki, davam edən məhkəmə dövründə zərərçəkənlərdən Bahəddin Sultanov və Hüseyn Səfərovun epizodu araşdırılıb. Ötən prosesdə zərərçəkənlərdən Afət İsmayılov sərbəst ifadə verib. O, sərbəst ifadəsində MTN-çilərin ondan 200 min manat aldıqlarını deyib.

Onun sözlərinə görə, 2005-ci ildə "Kapital Tikinti” MMC-ni təsis edib və 2008-ci ildən həmin şirkətin direktoru kimi fəaliyyət göstərməyə başlayıb. 2009-cu ilin yaz və ya payız aylarının bir günü, günorta saatlarında istifadəsində olan mobil nömrəyə zəng daxil olub. Zəng edən şəxs özünü Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi kimi təqdim edib. Səhəri gün 10:00-da onu MTN-in inzibati binasına dəvət edib. Lakin müstəntiq ona MTN-nin inzibati binasına çağırılma səbəbini deməyib. Növbəti gün saat 10-da MTN-in inzibati binasının nəzarət buraxılış məntəqəsinə gedib və MTN-in nəzarət buraxılış məntəqəsində qeydiyyatdan keçdikdən sonra bir nəfər əsgərin müşayiəti ilə MTN-in inzibati binasının 1-ci mərtəbəsinə, oradan isə başqa bir nəfər əsgərlə birlikdə liftlə 7-ci mərtəbəyə qalxıb:

"Liftin qarşısındakı gözləmə otağında təxminən 2 saat gözlədim. Sonra Vüqar Əliyev adlı əvvəllər tanımadığım müstəntiq gözləmə otağına daxil oldu. Məni özü ilə otağına apardı. Otağa daxil olan kimi həmin şəxs "mən MTN-in müstəntiqi Vüqar Əliyevəm, kiminlə işləmisən” sualını verdi. Əvvəlcə özüm də çaşqın vəziyyətə düşdüm, sanki Bin Ladenlə işləmişdim, mənə bu tərzdə sual verilirdi. Vüqar Əliyevə dedim ki, Müdafiə Nazirliyi ilə işləyirəm. O, "Orbita-2008” və "AKM inşaat”la bağlı suallar verdi. Həmin şirkətlərdən tikinti materialları aldığımı, pullarını isə köçürmə yolu ilə ödədiyimi dedim. Müstəntiq də dedi ki, həmin MMC-nin işçiləri hakerliklə məşğul olur, onların ofislərindən sənədlər götürülən zaman mənim rəhbərlik etdiyim MMC-nin də sənədlərini oradan aşkar ediblər.

Müstəntiq Vüqar Əliyev qarşısındakı kağız parçasına 300 min rəqəmini yazıb qarşıma qoydu. Dedi ki, "buradan düz də çıxıb gedə bilərsiniz, zirzəmiyə də gedə bilərsiniz”. Kağızda yazılan rəqəm barədə soruşduqda Vüqar Əliyev "bu cənabın tələbidir və verilməlidir” dedi. Vüqar Əliyev tərəfindən günahsız yerə həbs ediləcəyimdən qorxdum. 300 min rəqəmi yazılmış kağız parçasına 30 min yazaraq müstəntiq Vüqar Əliyevə verdim. Müstəntiq "gedim, məsləhətləşim, gəlim” deyərək otağı tərk etdi. Təxminən yarım saat sonra geri qayıtdı. Dedi ki, "1-cinin tapşırığıdır, 200 min manatdan aşağı yeri yoxdur”, ardından da əli ilə otağındakı şkafın üzərində olan çərçivəyə uzatdı. Orada Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun fotoşəkli idi. Dedi ki, "görürsən cənabın şəkilini, bu tapşırıq onunkudur, ya 200 min manatı verməlisən, ya da "podvala” getməlisən, başqa yolun yoxdur”. Heç bir günahımın olmadığını dedim və həmin məbləği verməyə gücüm çatmayacağını bildirdim. Vüqar Əliyev cavabında dedi ki, "bunun mənə heç bir aidiyyəti yoxdur, birincinin tapşırığıdır, burada sənin günahının olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, sənin müqəddəratın bizim əlimizdədir, ya 200 min manat pulu gətirməlisən, ya da həbs olunmalısan, başqa yolun yoxdur”.

"Sənin müqəddəratın mənim əlimdədir”

Zərərçəkən deyir ki, müstəntiq Vüqar Əliyevin "cənab” dedikdə milli təhlükəsizlik naziri Eldar Mahmudovu nəzərdə tutduğunu zənn edib:

"Sonradan müstəntiqin otaqdan mülki geyimdə çıxıb mülki geyimdə geri qayıtmasını, müstəntiqin bilavasitə rəisindən kənar birbaşa nazir ilə bu məsələni həll etməsinin mümkünsüz olduğunu anladım. Bildim ki, müstəntiq qiyməti razılaşdırmaq adı ilə otaqdan çıxarkən nazirin deyil, öz rəisi Mövlan Şixəliyevin yanına gedib. Müstəntiq mənə "sənin müqəddəratın mənim əlimdədir” demişdi. Oğlum ali məktəbdə təhsil alırdı, onun cibinə narkotik vasitə atıb və ya yaşadığım evə silah qoyub bizi tuta biləcəklərini bilirdim. Çıxılmaz vəziyyətdə olduğumu başa düşüb müstəntiqlə razılaşdım. Düşünürdüm ki, günahsız yerə həbs olunacağım təqdirdə tender üzrə götürdüyüm işlər yarımçıq qalacaq. Övladlarıma pislik ediləcək. Ona görə də müstəntiqdən vaxt istədim ki, 200 min manat pulu toplayıb verim. Vüqar Əliyev "sənə 15 gün müddət verirəm, pulu topla gətir” dedi. Həmçinin gülərək "sən birinci şəxssən ki, birinci gün gəldiyin kimi geri qayıdırsan” dedi. Həmin gün MTN-dən çıxıb H.Əliyev prospekti 95 A, mənzil 3 A ünvanında yerləşən ofisimə gəldim. Mənim "Royal Bank”ın Dostluq filialında, "Muğan Bank”ın Mətbuat filialında və "Azərbaycan Beynəlxalq Bank”ının Nərimanov filialında hesablarım vardı. 50 ya da 60 min manat nağd pulum vardı. Təxminən 10 gün sonra, 11 noyabr 2009-cu ildə Müdafə Nazirliyindən MMC-nin hesablaşma hesabına köçürmə yolu ilə 359 min 473 manat pul daxil oldu. Həmin pulları çek vasitəsi ilə ya "Royal Bank”ın Dostluq filialında, ya "Muğan Bank”ın Mətbuat filialında, ya da "Azərbaycan Beynəlxalq Bank”ının Nərimanov filialında olan hesabımdan çıxarmaqla 200 min manat pulu düzəldib Vüqar Əliyevə zəng etdim və pulun hazır olduğunu dedim. Dedi ki, "axşamçağı bizim idarə tərəfə gəl”.

"MTN-in arxa qapısına gedib...”

Zərərçəkən deyir ki, həmin gün axşam saatlarında "Kapital Tikinti” MMC-nin Təchizat şöbəsinin müdiri Bəylər Ağayev və həmin MMC-nin Tikintidə Texniki Təhlükəsizlik üzrə mütəxəssisi Hüseynağa Qafarovla birlikdə MTN-in inzibati binasının qarşısına gediblər:

"Vüqar Əliyevə zəng elədim, dedi ki, MTN-in arxa qapısına gedib, təxminən 200 metr irəlidə dayanaq, onu gözləyək. Bəylər və Hüseynağa ilə birlikdə MTN-in arxa qapısından Nəriman Nərimanovun heykəlinə tərəf gedən yolda, təxminən 200 metr irəlidə dayanıb Vüqar Əliyevi gözləməyə başladıq. İşçilərimə MTN-in müstəntiqi Vüqar Əliyevin məni həbs edəcəyi ilə hədələyib 300 min manat pul istədiyini, sonra isə kiminləsə məsləhətləşib həmin məbləği 200 min manata endirməsini danışmışdım. Bəylər və Hüseynağa Vüqar Əliyevə 200 min manat pul verəcəyimi bilirdilər. Təxminən 20 dəqiqə sonra Vüqar Əliyev idarə etdiyi "Hyundai” markalı avtomobillə gəlib bizim avtomobilin arxasında, təxminən 6-7 metr aralıda dayandı. Avtomobildən düşüb Vüqar Əliyevin avtomobilinə əyləşdim. Həmin vaxt içərisində 200 min manat pul olan sellofan torbanı Vüqar Əliyevə verib içərisində 200 min manat pul olduğunu dedim. Vuqar pulu saymadı, alıb çıxıb getdi. Bundan sonra Vüqar Əliyev bir neçə dəfə ofisimə gəldi və Gəncə şəhərində yerləşən ata evini bərpa etdirmək istədiyini deyərək bəzi məsləhətlər aldı.

Mən 200 min manat pulu Vüqar Əliyevə verdikdən sonra işlərimdə ciddi maliyyə problemləri yarandı. Başladığımız tikinti işlərini yekunlaşdırmağa maliyyə vəsaiti çatmadı. Buna görə də "Royal Bank”dan, "Muğanbank”dan və "Azərbaycan Beynəlxalq Bank”dan ümumilikdə 300 min manata yaxın məbləğdə kredit götürdük. Sonradan kreditləri ödəyə bilmədiyim üçün oğluma məxsus olan Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən evi, "Kapital Tikinti” MMC-nin ofisinin yerləşdiyi H.Əliyev prospekti 95 A, mənzil 3 A ünvanını satıb kreditlərin bir hissəsini tam ödədim”.

Zərərçəkən deyib ki, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işinin istintaq olunduğunu öyrənib və Vüqar Əliyevə zəng edib: "Ona dedim ki, görüşmək istəyirəm. Vüqar Əliyev əvvəlcə onunla görüşəcəyinə söz versə də, sonradan zənglərə cavab vermədi. Mən Vüqarla görüşüb aldıqları pulumu geri istəyəcəkdim. Görüşmədi, mən də gedib Baş Prokurorluğa şikayət etdim, pulumu tələb edirəm”.

Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb.

Dövlət ittihamçısı, hakim və təqsirləndirilən Mövlan Şıxəliyevin vəkili zərərçəkənə eyni mahiyyətli sual veriblər. Onlar Afət İsmayılovdan pulu ödəyəndən sonra şikayət edib-etməməsini öyrənmək istəyiblər.

Zərərçəkən verilən suallara gülümsəyərək cavab verib:

- O zaman onlar dövlətdə idi, dövlətdən dövlətə şikayət edəcəkdim?

Zərərçəkənlərdən Hüseyn Səfərov da Afət İsmayılova sual ünvanlayıb:

- Deyirsiniz ki, Müdafiə Nazirliyinin tenderində qalib olmuşduz. Sizdən hədə-qorxu ilə 200 min manat alandan sonra həmin obyekti vaxtı-vaxtında keyfiyətlə tikib təhvil verə bildiniz?

Afət İsmayılov:

- Həmin pulu məndən alandan sonra obyekti tikib təhvil verə bilmirdim. Məcbur olub oğlumun evini banka dəyər dəyməzə girov qoydum, demək olar ki, hədiyyə etdim, bu da müqavilə, sizə təqdim edirəm. Beləcə obyekti tikib təhvil vermişəm.

Bundan sonra proses təxirə salınıb.

Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."