Həkimlik işi çox çətin, məsuliyyətli və bir o qədər də şərəfli olub, hələ qədimdən çox dəyərləndirilən xüsusi hörmətlə yanaşılan və hər zaman ehtiyac duyulan peşələrdəndir. Bu peşənin çox çətin olması ona görədir ki, bu sahədə çalışan həkimlərin vəzifəsi insan həyatını xilas etməkdən ibarətdir. Bu peşənin məsuliyyətli və şərəfli olmasına səbəb isə elə bu sahədə fəaliyyət göstərən həkimlərin xilas etdiyi canlara görədir. İnsan həyatında bir dəfə də olsa mütləq həkimə müraciət edir, çünki gündəlik həyatı həkimlərsiz təsəvvür etmək belə çətindir.
Hamımız bu dünyaya müəyyən bir müddət yaşamaq üçün gəlirik və köçürük. Çünki ömürü bizlərə verən Allahdır. Hər birimizin də əsas məqsədi bu fani dünyada xoşbəxt, rahat yaşamaqdır. Lakin xoşbəxt yaşamaq üçün, ilk növbədə sağlam can olmalıdır. Çünki cansağlığı olmasa xoşbəxtlik də olmaz. Əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin çox böyük, hətta əvəzolunmaz rolu var. İlk öncə həkimlərin etik davranış qaydaları vacibdir, həkim xəstə ilə nə qədər qarşılıqlı səmimi münasibətlər yaradarsa müalicə prosesində də bir o qədər uğur əldə edilər. Nə olur olsun həkim öz vəzifəsini yerinə yetirir. Çünki həkim öz vəzifəsini xəstənin yaşından, cinsindən, irqindən, sosial vəziyyətindən, dini əqidəsindən, siyasi baxışlarından, milliyətindən, vətəndaşlığından, hətta maddi vəziyyətindən asılı olmayaraq yerinə yetirməlidir. Həmçinin həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Buna görə də həkim tibb elminin ən son nailiyyətlərindən isitfadə edərək öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidir. İnsan xəstə olan zaman ona ən yaxın şəxs həkim olur. Buna görə ki, həkim xəstəni müayinə edir, diaqnoz qoyur, xəstəliklə bağlı müşahidələr aparır. Bilirik ki, hər bir insan xəstələnən zaman daha həssas, daha kövrək olur, belə olanda da xəstə qayğıya, hər hansı bir xoş sözə ehtiyac duyur, hətta ona qulluq edən tibb bacısından belə diqqət və mülayim rəftar gözləyir. Buna görə də tibb bacısı mehriban və nəzakətli olmalı, hərəkətlərinə eyni zamanda danışığına fikir verməlidir. Çünki mehriban rəftar və xoş təbəssüm tibb bacısının xəstələrə olan qayğısının simvoludur. Bütün bunlarla yanaşı tibb bacısı həkimin sirrini də saxlamağı bacarmalıdır. Elə bir xəstə ola bilər ki, onun xəstəliyinə əlac olmaz və sonu ölüm olar, buna görə də tibb bacısı onu ümidləndirməli və sağalacağına inandırmalıdır, bu yalan olsa da “müqəddəs yalan” adlandırılır. Bir sözlə həkim və tibb bacısı xəstə ilə elə ünsiyyət qurmalıdırlar ki, xəstə ümidsizliyə qapılıb həyatdan əlini üzməsin, əksinə yaşamaq ümidi artsın. Məhz bu səbəbdən həkim və tibb bacısının xəstə ilə ünsiyyəti xəstənin sağalmağa inamını artırır. Bəzən elə olur ki, həkim və tibb bacısı xəstənin yanında asta danışırlar, sirli baxışlarla xəstəyə baxırlar, və üz ifadələri ilə də xəstədə öz sağlamlığı barədə hər hansı şübhələr yaradırlar. Təbabətdə belə bir xəstəliklər var ki, bu xəstəliklər yatrogen adlandırılır. Bu xəstəliyin yaranmasına səbəb isə, bəzən həkimlərin düşünmədən xəstələrə dediyi inamsız sözlərdir və belə xəstələri də müalicə etmək həddindən artıq çətin olur. Tibb işçisi öz həyəcanını da biruzə verməməyi bacarmalıdır, hətta xəstənin vəziyyəti ağırlaşsa belə bunu ona bildirməməlidir. Əgər xəstə bunu hiss etsə çox böyük qorxu və həyəcan yaşaya bilər. Elə tibb işçiləri də vardır ki, xəstə ilə məşğul olmaq əvəzinə mobil telefonla oynayır və uzun-uzadı şəxsi söhbətlə məşğul olur, yaxud sosial şəbəkələrdədir. Belə hallarda xəstədə gərginlik daha da arta bilər bütün bunlara yol verməmək üçün həkimin vicdanı olmalıdır, xəstənin halını anlamalıdır. Həkimin insaflılığı, etibarlılığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması xəstələrin müalicə və diaqnostikasında kliniki və deontoloji əsaslandırması konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Həmçinin həkimin sənətinə vicdanla yanaşması da çox mühüm məsələlərdəndir. Axı yaxşı həkim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır. Həm yaxşı insan, həm də vicdanlı və əsl peşəkar həkim xüsusiyyətlərini özündə birləşdirən şəxslərdən biri də Akademik C. Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Tibb üzrə Fəlsəfə Doktoru Ruslan Nəcəf oğlu Nəcəfovdur. Ruslan Nəcəfov kimi vicdanlı və peşəsini sevən həkimin olması pasiyentlər üçün çox sevindirici bir haldır. Ruslan doktor xəstələrə qarşı çox yaxşı davranır. Onlarla xüsusi maraqlanır. Elə bu səbəbdən də xəstələri Ruslan doktorun səmimiyyətindən, onlara söylədiyi xoş söz və mülayim rəftarından rahatlıq tapırlar.Yaşamaq həvəsləri daha da artır. Və bir məqamı da diqqətə çatdırmaq istərdim ki, bütün iş prinsiplərinə riayət edən bacarıqlı tibb işçiləri xəstələr tərəfindən hər zaman çox sevilir. Ruslan doktor da bütün iş prinsiplərinə riayət edərək yorulmadan hər cür xəstələrə xüsusi, diqqət və qayğı göstərərək şərəfli peşəsini səmimi qəlbdən yerinə yetirən insandır. Bir sözlə Ruslan doktor öz vəzifə borclarını böyük şərəf və ləyaqətlə, ən əsası vicdanla yerinə yetirir. Bütün bunlara görə Ruslan doktora dərin minnətdarlığımızı bildiririk. Yaxşı ki, varsız dəyərli insan, dəyərli həkim.