kanal1

İcra başçısı şəhid ailələri ilə qaziləri üz-üzə qoyub – Nəyə nail olmaq istəyir?

Tarix:4-10-2021, 17:08
Baxış Sayı:45

İcra başçısı şəhid ailələri ilə qaziləri üz-üzə qoyub – Nəyə nail olmaq istəyir?

Beyləqan rayonu bir il əvvəl baş vermiş və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində ən çox itki verən rayonlardan biridir. Savaşdan sağ-salamat dönmüş, bəxti gətirmiş veteranları qoyaq bir kənara (hansı ki, onların döyüşdə göstərdikləri şücaətə heç kimin zərrə qədər şübhəsi yoxdur), bu gün respublikamızın hər yerində olduğu kimi, bu rayonda da qayğıya ehtiyacı olan həssas kateqoriyaya aid insanların sırasına II Qarabağ müharibəsi şəhidlərinin ailələrindən, qazilərdən ibarət daha bir elektorat əlavə olunub. Əslində elə müxtəlif dərəcəli xəsarətlər almış, bədən orqanlarını itirmiş qazilər özləri də “canlı şəhidlərdir”, müharibənin dəhşətini qara mərmərdən heç də az hiss etdirməyən canlı şahidlərdir. Kimin ağlına gələ bilərdi ki, müharibədən heç bir il keçməmiş kimsə bu elektoratı parçalamağa cəhd edəcək? Amma çox təəssüf, bu gün Beyləqan rayonunda belə bir xoşagəlməz hal müşahidə olunmaqdadır. Səbəbkar da elə ilk ağlınızı gələn şəxsdir – Rayon İcra Haklimiyyətinin başçısı cənab Asif Ağayev!
Bu məqamda Beyləqanda oturuşmuş başqa bir neqativ tendensiyanı xatırlatmağa dəyər. Asif Ağayev yerli hakimiyyətə gələndən rayonda sahibkarlığın inkişafına yönəlik heç bir addım atmayıb. Əksinə, icra başçısı sanki bu sektoru məhv etməyə köklənib. İş adamlarının qarşısında süni maneələr artıb, onların fəaliyyətinə əsassız müdaxilələr çoxalıb. Kiçik və orta sahibkarlar (KOS) incidilir, yersiz xərclərə salınır, amma “iri həşəratlar” rayon rəhbərinin qeyri-qanuni şərtlərini yerinə yetirmək gücünə malik olduqlarından, Ağayevin qurduğu toru yarıb keçməyə, daha iri tikələri ələ keçirməyə müvəffəq olurlar.
Beyləqanda sahibkarlıq fəaliyyəti üçün meydan axtaran hansı iş adamı torpaq sahəsi ayrılması üçün köməklik göstərilməsi xahişi ilə İcra Hakimiyyətinə müraciət edirsə, təbii ki, RİH də öz növbəsində onların ərizəsini dövlətin balansında olan torpağın mülkiyyətçisi kimi çıxış edən, torpaq üzərində sərəncam vermək hüququna malik olan Dövlət Əmlak Xidmətinin ərazi təmsilçisinə göndərir. Dövlət Xidmətinə göndərilən ərizəyə torpaq sahəsinin situasiya sxemi əlavə olunur. Dövlət Xidməti həmin materialı özünün struktur vahidi olan Yerquruluşu Layihə Mərkəzinə göndərir. Mərkəzin nümayəndələri torpaq sahəsinə yerində baxış keçirərək, koordinatlarını dəqiqləşdirir, sahənin yüklü olub – olmadığı yoxlanıllır, sahibkarlıq təyinatı üzrə istifadəsinin məqsədəuyğunluğu müəyyənləşdirilir, nəhayət, müsbət rəy verilir. Yalnız bundan sonra RİH ilə sahibklar arasında icarə müqaviləsi bağlanılır. Ancaq gerçəklik bundan ibarətdir ki, Asif Ağayevin yazılmamış qanunlarına görə bu proses özünün qaranlıq üzü ilə müşayiət olunur. Rayon rəhbərinin şərtlərinə boyun əyməyənlər məqsədlərinə çata bilmirlər. Başçı işini “ehtiyatlı tutaraq” harada Sahibkarlığın inkişafı üçün perspektivli torpaq sahəsi varsa, ora 2 manata aldığı ağac tingləri basdırır və adını da qoyur ki, bəs bu yerdə yaxın gələcəkdə park salınacaq. Halbuki, Beyləqanda mövcud olan 4 park baxımsız qalıb, rayon rəhbərliyinin laqeyd münasibəti ucbatından küçə itlərinin suladığı meydanlara çevrilib. Belə olan halda haqlı sual ortaya çıxır: Asif Ağayev əl qoyduğu o torpaqları “itə ataram, sahibkara vermərəm” demək istəyirmi?
İndi isə qayıdaq mövzumuzun preambulasında toxunduğumuz məsələyə. Asif Ağayev heç torpağı onun uğrunda vuruşub qolunu-qılçasını, gözünü, böyrəyini itirmiş qazilərə də vermək istəmir. Halbuki, onların ard-arda yazılı və üzbəüz görüşlərində şifahi müraciətlərindən sonra Beyləqanın giriş hissəsində boş torpaq sahələrindən qazilər üçün ayıracağını vəd veribmiş. Qazilər isə başçının vədini yerinə yetirməyə tələsmədiyini görüb hərəkətə keçiblər və torpaq sahələrini nişanlayıb bünövrə və daş tökməyə başlayıblar. Başçı buna qarşı çıxanda məlum olub ki, vədinə xilaf çıxıb. Qazilər araşdırıblar ki, rayon rəhbəri həmin yeri adının açıqlanması hələlik məqsədəuyğun olmayan bir iri sahibkara satıb, lakin sənədlər hələ tam hazır olmadığından, faktı üzə çıxarmaq istəmir. Nə də həmin sahibkarın pulunu geri qaytarmır. Odur ki, vəziyyətdən çıxmaq üçün ağlına gələn bir “kreativ” ideyanı işə salıb – sözdə təşəbbüs irəli sürüb ki, sözügedən ərazidə Şəhidlər Kompleksi inşa olunmalıdır. Fikirləşib ki, qaziləri (hansı ki, əksəriyyəti keçmiş xüsusi təyinatlılardır) durdurmaq üçün onları yalnız şəhid ailələri ilə üz-üzə qoymaq lazımdır. Doğrudur, qaziləri (hansı ki, ölümün gözünün içinə dik baxaraq torpaqlarımızı işğaldan azad ediblər) zəbtkar adlandıraraq polisə postlar qurdurub onlara mane olmaq, apardıqları tikintini dayandırmaq göstərişi verib. Amma yenə narahatdır ki, bütün bunlar azlıq edə bilər, qazilərlə polisin qarşıdurması ilk növbədə onun özü üçün yaxşı heç nə vəd etmir. Məqsədinə çatmaq üçün vaxtilə ondan mətbuata kompromat ötürən bir ictimai fəalla “dostlaşıb”. Adının açıqlanmasını hələlik məqbul saymadığımız həmin şəxs I Qarabağ savaşı veteranıdır, yarılegitim bir qeyri-hökumət təşkilatı sədridir. Əvvəllər Asif Ağayevlə aralarında konflikt olub. Sonradan isə qeyd etdiyimiz kimi, başçı ilə kompromisə gəliblər. Qazilərin yalnız döyüşməyi bacardıqlarını, müharibədə yarıcan olub hətta o yeganə qabiliyyəti də itirdiklərini düşünən Asif Ağayev zənn edib ki, onlar tamamilə savadsızdırlar, hüquq düşüncələri kəmdir, onlara bir – iki əndrəbadi kağız parçası göstərməklə aldatmaq olar. Həmin təşkilat sədrinin əli ilə Bakı şəhər İcra Hakimiyyətinə internet üzərindən müraciət yazdırıb göndərtdirib ki, bəs Beyləqandan bir qrup şəhid ailəsi inşa olunacaq Şəhidlər Kompleksinə ayrılan ərazinin qazilər tərəfindən zəbt olunmasının əleyhinədirlər. Sonra da Bakı ŞİH-dən aidiyyəti üzrə baxılması üçün Beyləqan RİH-nə göndərilıən elektron məktubun kağızda surətini çıxartdıraraq qaqzilərə nümayiş etdirir ki, bəs şəhid ailələri sizdən şikayətçidirlər.
Qazilər isə sən demə təkcə torpaq uğrunda deyil, öz haqları uğrunda da vuruşmağı bacarırmışlar və Asif Ağayevin nəzərdə tutduğu qədər bisavad da deyilmişlər. Onlar yaxşı bilirlər ki, Beyləqan RİH Bakı ŞİH-nin tabeçiliyində olan inzibati ərazi vahidi deyil. Üstəgəl, qapı-qapı düşüb axtarıblar ki, paytaxta göndərilən saxta müraciətə qol qoyan şəhid ailələri kimlərdir. Heç kimi tapa bilməyəndə başçının bu biabırçı əməlinə tüpürüblər.
Digər yandan, Asif Ağayev qoçaqlıq edərək həmin təşkilat sədri ilə birgə şəhid ailələri ilə görüşlər keçirir, Şəhidlər Kompleksini inşa etmək fikrini deyir və tədricən onlarla qazilər arasında qütbləşmə yaratmağa çalışır.
Əmlak Məsələləri Dövlət Komitəsi təbii ki, torpaq sahələrinin qazilərə qismət olmasında maraqlıdır və torpağa yiyələnmək arzusunda olan beyləqanlı qazilərin döyüş yolunu, təltiflərini təsdiqləyən sənədləri də nəzərdən keçirib. Bundan başqa, dövlət üçün vətəndaşlarının rifahı, yəni, sosial amil daha öndədir. Şəhidlər Kompleksinin inşasına dövlət səviyyəsində qərar verilməyib, Beyləqan İcra Hakimiyyətinin belə bir layihəni gerçəkləşdirmək üçün daxili imkanları da yoxdur. Bir də ki, beyləqanlı şəhid ailələrinin, qazilərin dolanaşaçaqla, güzəranlıqla bağlı problemlərinin həllinə nə inşa olunacaq abidə, nə də Asif Ağayevin sonradan itlərə meydan verəcəyi parklar kömək etməyəcək. Amma torpaq çörək deməkdir, mənzil-məişət çətinliklərinin həlli deməkdir. Hansı məntiqlə bu labüd prosesə qarşı çıxmaq olar?
Mövzuya qayıdacağıq.
RealMedia.az
Ramin Məhəmmədoğlu


Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."