kanal1

Ermənistan “Dəmir qapaz” üçün darıxıb - İrəvan yeni müharibə hazırlığı içində?

Tarix:15-09-2021, 09:20
Baxış Sayı:24

Ermənistan “Dəmir qapaz” üçün darıxıb - İrəvan yeni müharibə hazırlığı içində?

Ermənistan bölgədə haqq elədiyi statusla heç cür barışmaq istəmir. Xaricdəki erməni lobbisinin və bəzi “boynuyoğun” havadarlarının felinə gedən İrəvan rəsmiləri 10 aydan çoxdur Bakı və Ankaranın uzatdığı səmimi barışıq əllərini havada saxlayır, oyun oynayır, hoqqabazlıq edirlər. Hələ üstəlik, altdan-altdan müharibə hazırlıqları görməyə başlayıblar. Belə ki, acından ölən, əhalisinin xaricə köçü dayanmaq bilməyən bir ölkədə ehtiyatda olanların hərbi toplanışı davam edir.

Siyasi müşahidəçilər bu kampaniyanın indiyədək misli görünməmiş miqyasda aparıldığına diqqət çəkirlər. “Yeni Müsavat” bu xüsusda xatırladır ki, kütləvi hərbi toplanışın ilk mərhələsi 3 aylığına avqustun 25-də başlayıb. İkinci 3 aylıq mərhələ isə 15 sentyabrdan, yəni bu gündən start götürür. İlin sonunadək daha bir neçə min ehtiyatda olan erməniyə hərbi mundir geydirilməsi planlaşdırılır.

*****

Keçmiş zabit, erməni hərbi ekspert Narek Nersisyan məsələ ilə bağlı deyib ki, 15 ildir Ermənistanda bu miqyasda hərbi toplanışlar olmayıb, baxmayaraq ki, müdafiə haqqında qanuna əsasən ildə bir dəfə belə tədbir keçirilməlidir. “Hərçənd belə təlimlər üçün müdafiə büdcəsində ayrıca maddə yox idi. Və indi hakimiyyətin keçmişdə buraxdığı səhvi düzəltmək qərarı verməsi, həm də bu miqyasda olması çoxunu təəccübləndirir”, - deyə o, “Sputnik Ermənistan”a müsahibəsində qeyd edib.

Nersesyan ardınca ənənəvi erməni sırtıqlığı ilə, özündənrazı şəkildə və bir az da guya Azərbaycana “xox” gəlirmiş kimi söyləyib: “Əslində fövqəladə bir hadisə baş vermir. Ermənistan hələ də müharibə vəziyyətindədir. Hərbi-siyasi və hətta elmi nöqteyi-nəzərdən müharibə yalnız tərəflərdən biri qalib gələndə bitir. Təbii ki, biz ciddi insan və ərazi itkiləri vermişik, ancaq müharibə bitməyib. Bu baxımdan belə toplanışlar heç kəsi qorxutmamalı və təəccübləndirməməlidir”.

Onun sözlərinə görə, Ermənistanın belə təlimləri real döyüş şəraitinə mümkün qədər yaxınlaşdırmaqla yanaşı, həm də intensivləşdirməlidir. Yəni o, açıq şəkildə Azərbaycana qarşı yeni müharibəyə çağırış edib, çünki Nersesyanın xəstə məntiqncə, Ermənistan “müharibəni yox, döyüşü uduzub”.

*****

Gerçəkdən də, erməni həyasızlığı sərhəd tanımırmış. Əvvəla, heç kimin ləğv eləmədiyi 10 noyabr 2020-ci il tarixli rüsvayçı üçtərəfli kapitulyasiya sənədini Nikol Paşinyan imzalayıb, Marsdan gələn hansısa yadplanetli Kolya Pişikyan yox! Təslimiyyət, məğlubiyyət başqa necə olur ki? Və daha nə(lər) baş verməlidir ki, Nersisyan kimi başdan xarablar “göydən yerə enib” məğlub olduqlarını etiraf eləsinlər, öz bədbəxt xalqını təzədən avantüra yoluna çəkməsinlər, yerdə qalan, əli silah tutan erməni “kişilərini”ni də 5-ci nəsil silahlara silahlanmış Azərbaycan Ordusu üçün “top yemi”nə çevirməsinlər?!

Ermənilər özlərinə indi həm də bununla təsəlli verirlər ki, guya 44 günlük müharibədə Azərbaycana deyil, Azərbaycan-Türkiyə müttəfiq ordularına, hətta Azərbaycan-Türkiyə-Pakistan, üstəgəl, “Suriya muzdluları” alyansına uduzublar. Özü də müvəqqəti! Fantaziyaları onları hansı fəlakətlərə aparıb çıxardısa, dərs olmayıb, indi də yenisi ilə yaşayırlar. Demək ki, növbəti “Dəmir qapaz” üçün darıxıblar!..

*****

Doğru, Rusiya ötən payızda ikinci Qarabağ müharibəsi nəticəsində darmadağın olmuş erməni ordusunu modernləşdirməyə çalışır. Rəsmi Bakının narazılığına baxmayaraq, bu yöndə hansısa planlar Moskvada açıq şəkildə müzakirə olunur. Bu yaxınlarda isə Rusiya Müdafiə Nazirliyinin böyük bir heyəti İrəvanda olmuşdu.

Ancaq bütün bunlar müharibə sonrakı sərt reallığı dəyişmək, tarixin təkərini geri döndərmək gücündə deyil. Ən azı o səbəbə ki, Moskvanın imkanları da sonsuz deyil və Kreml Ermənistan adlı bahalı, “qulpsuz çamadan”ı qarşılığı ödənmədən daşımaqdan bezib. Daima bir gözü Qərbdə olan ermənilərin nankorluğundan təngə gəlib. Kapitulyant ölkənin modern hərbi sistemlər, PUA-lar alması üçün yetərli maliyyə resursunun olmaması reallığı da öz yerində.

O səbəbə nəinki Rusiya, heç ABŞ-la əməkdaşlıq da Ermənistana Azərbaycanla hərbi paritet yaratmağa və ya üstün ordu qurmağa kömək etməyəcək. Odur ki, erməni xalqı üçün tək qurtuluş yolu ağılsız silahlanma yox, ordusuz-filansız, qonşularla sülh içində yaşayan Ermənistan qurmaqdır. Sonra həqiqətən gec ola bilər...

*****

Bu da maraqlıdır ki, srağagün ilk sessiyasına başlayan Ermənistanın yeni parlamenti müxalif deputat blokunun israrlarına rəğmən, parlamentdə daimi Qarabağ komissiyası yaratmaqdan imtina edib. Başqa sözlə, İrəvanda “qatarın getdiyini” anlayan ermənilər də var.

“Hazırda Ermənistan elə bir vəziyyətdədir ki, heç kimdən kömək gözləməməlidir. Çünki heç bir dövlət İrəvana kömək etmək niyyətində deyil. Bizim bir yolumuz var - Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq. Bizə yalnız onlar kömək ola bilər”.

Bunu isə erməni siyasətçi Araik Davtyan bildirib.

“Hazırda Ermənistan müharibə edəcək gücə malik deyil. İctimaiyyət də bunu çox gözəl başa düşür. Paşinyanın hakimiyyətdə qalma səbəbi də məhz budur. Erməni xalqının Paşinyandan zəhləsi getsə belə, təkrar seçki keçirilsə, yenidən ona səs verəcək. Çünki hamı kimi Nikol da müharibə olacağı təqdirdə Ermənistanın aqibətini çox gözəl anlayır. Bakı 44 günə ermənilərin şüurunu dəyişə bildi. Artıq Ermənistanda hamı başını aşağı salıb sakitcə yaşamaq istəyir. Daha erməni analar oğullarını əsgərliyə belə göndərmək istəmir”, - Davtyan əlavə edib.

Əfsuslar olsun ki, belə obyektiv düşünən ermənilər çoxluqda deyil. Ancaq olacaq. Mütləq olacaq. Əks halda, Ermənistan olmayacaq...

“Yeni Müsavat”

Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Yeni ildə 7 gün ardıcıl iş olmayacaq
Yeni ildə 7 gün ardıcıl iş olmayacaq
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur
Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
Varlı ölkənin kasıb əhalisinin naziri -xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Varlı ölkənin kasıb əhalisinin naziri -xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə