Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi.
Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdular. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.
Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.
Rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.
Son illərdə Türkiyənin regionda ardıcıl olaraq müstəqil siyasət yürütməsi və bölgədə nüfuzunun artması bəzi dairələri narahat edir. Buna görə də saxta iddialardan siyasi təzyiq vasitəsi kimi istifadə edilir. Zənnimcə, bu addım regionda sülhə və stabilliyə xidmət etmir. Bu baxımdan, “Bir millət, iki dövlət” olaraq Azərbaycan bu haqsızlığa qarşı öz səsini ucaltması, bir daha qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirməsi təbii haldır.
Cəlal Məmmədli
Masallı Tarix Diyarşünaslıq muzeyinin fond mühafizəçisi