Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin edilməsinin yeddinci ili aprel ayında başa çatacaq. Onun bu vəzifəyə təyinatından sonra məcburi köçkünlər Komitədə illərlə yığılıb qalan problemlərin nəhayət öz həllini tapacağını düşünürdü. Lakin ən böyük problemi Elə Prezident İlham Əliyev özü 44 günlük Vətən müharibəsində həll etdi. Artıq 30 ilə yaxın doğma yurd həsrəti ilə yaşamış məcburi köçkünlərin yurd-yuvalarına qayıdışına başlanılıb.
Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ən başlıca funksiyası doğma torpaqlarını tərk etmiş məcburi köçkünlərin ata-baba yurduna qaytarılmasını təşkil etməkdir. Bununla belə müxtəlif bölgələrə səpələnmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam edir. Bu işlərə əsas cavabdeh qurum Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentidir. Sözügedən bu qurumda vaxtı ilə çox ciddi qanun pozuntularına yol verilməsi barədə sosial şəbəkələrdə və elektron mediada kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi, millət vəkili Rövşən Rzayevin 2018-ci ilin aprel ayında sözügedən quruma rəhbər təyin edilməsindən sonra burada köklü dəyişikliklərin olacağı gözlənilsə də, bu baş vermədi.
Əksinə Rövşən Rzayevin Departamentə direktor təyin etdiyi Səbuhi Əhmədov narazılıqları daha da artırdı. Qeyd edək ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Rövşən Rzayevin Dövlət Komitəsinə sədri təyin edilməsindən az sonra vəzifə başına gətirdiyi şəxslərdən biri də məhz Səbuhi Əhmədov olub.
Məlum olduğu kimi uzun müddətdir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayrılıb. Yeni mənzillərin tikintisindən tutmuş, fərdi yaşayış evlərinin təmiri üçün ayrılan vəsaitlərin məbləğini rəsmi dövlət qurumlarından başqa kimsə bilməz. Səbuhi Əhmədov isə oturduğu kreslodan və sədrin ona etibarından sui-istifadə edərək ayrılan bu dövlət vəsaitlərindən şəxsi məqsədləri üçün istifadə etməyə başlayıb. Ortada, yəni Komitədə, Rövşən Rzayevin digər kadrları arasında narazılıq da bundan sonra başlayıb.
Əldə etdiyimiz məlumatlara görə hazırda Səbuhi Əhmədovun kreslosu silkələnir. Yəni Dövlət Komitəsinin digər şöbə və departament rəhbərləri Səbuhi Əhmədovun atdığı hər addımı dərhal Rövşən Rzayevə çatdırırlar. Bu da təbii ki, Komitə sədrinin xoşuna gəlmir və Səbuhi Əhmədovun işini xeyli çətinləşdirir. Bəs bu narazılıqlar haradan qaynaqlanır?
Məlum olduğu kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər il milyonlarla manat dövlət vəsaiti ayrılır. Səbuhi Əhmədovun rəhbərlik etdiyi qurum isə fərdi yaşayış evlərinin təmirinə, yolların təmirinə və digər məqsədlər üçün ayrılan vəsaitin çoxunu şişirdilmiş qiymətlərlə özünə yaxın şirkətlər vasitəsi ilə “həyata keçirir”. Bu zaman onun əldə etdiklərini Komitənin digər şöbə və departament rəhbərləri həzm edə bilmirlər və onun yerini tutmağa çalışırlar. Sözügedən Departament tərəfindən son illər keçirilmiş tenderlər ətrafında apardığımız araşdırmalar burada hər şeyin heç də şəffaf olmadığını göstərir və mövzuya yaxın günlərdə ayrıca qayıdacağıq.
Rəhbərlik etdiyi Departamentdə satınalmalardan qazandığı azmış kimi, Səbuhi Əhmədov köçkünlərin hesabına daha çox qazanmaq üçün müxtəlif yollara da baş vurur. Belə ki, Bakı şəhərində məcburi köçkünlər üçün tikilən çoxmənzilli binaların, şəhərciklərin ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə tanışlarının əli ilə satır. Yəni ticarət obyekti kimi işlətmək üçün saxta sənədlərlə kənar şəxslərə verir. Məlumatlara görə Səbuhi Əhmədov və adamları artıq boşaldılan həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Şuşa şəhərciyində vətəndaşdan 40 kv metr bir yerdə iaşə obyektinin tikintisinə rəsmi qurumun möhürü ilə təsdiqlənmiş, Səbuhi Əhmədovun imzası ilə saxta sənəd verən vətəndaş ödədiyi 13 min manatı hələ ala blməyən vətəndaşın şikayəti də buna bir misaldır. Məlumatlara görə Səbuhi Əhmədov hətta qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.
Butün bu kimi hallar isə Komitənin digər şöbə və departament rəhbərlərinin gözündən qaçmır və dərhal Rövşən Rzayevə çatdırılır. Odur ki, “Qaçqınkom”da Komitə sədrinin sadiq kadrı Səbuhi Əhmədov haqqında verəcəyi son qərarı gözləyənlər çoxdur.
Aktualinfo.org