"Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə,
ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Heydər Əliyev
Uşaq – heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Respublikamız da bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşır.Dünyaya gələndən ömrümüzün ikinci, üçüncü baharından həyatımızın astanası sayılan baxçaya gedirik. Baxça uşaqların həyatında böyük bir yerdir. Addım atmağı da, dil açmağı da baxçada öyrənirik. Uşaqların zehninin, əqlinin formalaşması məhz baxçadan başlayır. Ümumiyyətlə, bu doğma ocaq bizim həyatımızda isti ana qucağı qədər əziz və həmişə yadediləndir.Özünün işgüzarlığı ilə uşaqların sevincinə sevinc qatan Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına körpələr evi-uşaq baxçasına Əsli xanım Alıyeva rəhbərlik edir. Baxçada pedoqoji stajı olan tərbiyyəçilər fəaliyyət göstərir ki, onların hər birinin çoxillik təcrübəsi öz bəhrəsini verib. Öz peşəsinin vurğunu olan bu tərbiyəçilərin işgüzarlığı nəticəsində baxçada işgüzarlıq ab-havası hökm sürür.Baxçada uşaqların tərbiyəsi, məktəb təliminə hazırlanması, istedadların üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.Ümumiyyətlə, dövlət səviyyəsində olan bütün bayramlar, əlamətdar günlər baxçada yüksək səviyyədə qeyd olunur və keçirilir. Hər il müharibədə şəhid olanların qəbirləri ziyarət edilir, körpələrə onların hər birinin Vətən uğrunda həlak olduqları xatırladılır. Xatırladılır ki, başı min cür bəlalar çəkmiş Azərbaycanımızın çörəyini yeyib, suyunu içən qəddar düşmənlərin neçə-neçə övladları valideynsiz, bacıları qardaşsız, valideynləri övladsız, qadınları başsız, sahibsiz qoyduqlarını heç bir zaman unutmasınlar.12 dekabr Dahi öndər Heydər Əliyevin ildönümü, eyni zamanda 10 May Ümummilli liderimizin ad günü münasibətilə bağçada tədbir keçirilir, Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu öndərimizin uşaqları sonsuz məhəbbətlə sevdiyi və onlara böyük qayğı və diqqət göstərdiyini, Azərbaycanımızın gələcəyi olan körpələrimizin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli lider Heydər Əliyevin daim diqqətində olduğu hər zaman körpə fidanlara aşılanır.Məktəb həyatına addım atmaqda olan körpələrimiz tədbirdə Ulu öndərimizə həsr olunmuş şeirlər söyləmiş, harada olursa olsunlar Vətənimiz Azərbaycanın başını hər zaman uca edəcəklərini bildirmişlər. Ürəkləri Vətən eşqi ilə döyünən körpələrimiz Ümummilli liderimizin bizə miras qoyub getdiyi müstəqilliyimizi daim qoruyacaqlarına söz vermişlər.Baxçada divarları bəzəyən şəkillər, tərtib olunmuş stendlər, tərbiyyəçilərə və valideynlərə lazım olan yenilikləri, məlumatları və məsləhətləri çatdırır.
Haqqında söhbət açdığım Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına körpələr evi-uşaq baxçasının müdiri Əsli xanım Alıyeva kollektivin təhsil islahatlarının həyata keçirilməsi istiqamətində inamla addımlayır.Baxçada körpələrimizin zehninin, əqlinin formalaşması, onların hər birinin xoşbəxt gələcəyi naminə əllərindən gələni əsirgəməyən Əsli xanım Alıyeva başda olmaqla bütün müəllimlərin, uşaqların təmizliyinin qeydinə qalan xadimələrin, sağlamlıqlarının keşiyində duran həkim və tibb bacısının da əməyi böyükdür.Biz də bu dəyərli peşə sahibini Su Çərşənbəsi münasibətilə ürəkdən təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi şərəfli, çətin və məsuliyyət tələb edən işlərində uğurlar arzulayır, hər birinə həyatda və pedaqoji fəaliyyətində səbr diləyirəm.
Bir daha Su Çərşənbəsi mübarək olsun,Əsli xanım.