Ölkəmizdə 2000-ci ilin dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Bu plan əsasında indiyə qədər ölkə ərazisində fəaliyyətdə olan yüzlərlə əxlaqsızlıq yuvasının işinə xitam verilib və fahişəliyi təbliğ edən şəxslər cəzalandırılsa da təəssüflər olsun ki, bu bir çoxlarına dərs olmayıb.Əksinə,bütün bunlara baxmayaraq qadın alverinin sayı artmaqda davam edir. Bir çox məmurların (iraq yaxşılardan) qoruduğu belə məkanlar-klublar,sauna, kafe, masaj salonları, otellər istirahət mərkəzləri adı altında fəaliyyət göstərən obyektlərin sayı kifayət qədərdir. Maraqlısı da odur ki,onlar bu işi çox peşəkarcasına edirlər,necə deyərlər nə şiş yanır,nə də ki,kabab. Hər birimizə yaxşı məlumdur ki,bu cür obyektlərin mövcud olması yeniyetmələrimiz, gənclərimiz və gələcəyimiz olan körpələrimiz üçün təhlükə mənbəyidir. Və bu yerlər gələcək üçün əmanət edilən milli-mənəvi dəyərlərimizi uçuruma aparır.
Əxlaq insanları öz davranışlarında rəhbər tutduqları prinsip,norma və qaydaların məcmusu,onların həyatda bir-birinə-ailəyə,doğmalara,işlədiyi kollektivə,millətə,bir sözlə,cəmiyyətə olan münasibətinin ifadəsidir.
Bəli,əxlaq dedikdə,cinsiyyətindən asılı olmayaraq insanın bütün xüsusiyyətləri nəzərdə tutulur.
Əxlaqsızlıq insan alverinin bir növüdür ki, bu da bütün dünya ilə yanaşı Azərbaycanda da ən aktual problemlərdən biridir.Və çox təəssüflər olsun ki,bu problemlə bağlı aidiyyatı orqanlar tərəfindən tədbirlər görülsə də,hələ də ardı-arası kəsilmir.Necə deyərlər:"dəyirman bildiyin edər,çax-çax baş ağrıdır.
Bəli,müdrik atalarımız tərəfindən bu zərb məsəli təsadüfi yaranmayıb.Elə mən də bu mövzuya təsadüfi toxunmadım.
Redaksiyamıza daxil olan Life club adı altında fəaliyyət göstərən obyekt haqqında öz fikirlərimi bölüşmək və sizin də fikirlərinizi qələmə almaq niyyətilə bu mövzunu qələmə aldım. Aldım ki,bu cür klublarda övladlarımıza qarşı cinsi istismar təkliflərinin olması,onları işə cəlb edərək psixotrop dərmanlarla məhv edilməsi ilə bağlı deyilən fikirləri paylaşaraq bu mövzuya aydınlıq gətirim ki, hüquq mühafizə orqanları bi məkanlar haqqında tədbirlər görsün.
Şikayətçi bildirir ki, ilk əvvəl buranı sıradan bir musiqili-əyləncəli club hesab etsək də,sonradan gördüklərimiz və eşitdiklərimiz bizi fikrimizdən daşındırdı.Əslində,sən demə adı çəkilən ünvanda nəinki musiqili əyləncə ilə,eyni zamanda övladlarımızın gələcək həyatları ilə oynanılır.
Yəqin ki, çoxlarınız belə bir sualla müraciət edəcəksiniz ki,bəs o azyaşlı övladların valideynləri hara baxır,gecə saatlarında övladlarının küçələrdə olmasına niyə göz yumur? Bəli,doğru sualdır,siz haqlısınız.Ancaq bu sualınızı birmənalı olaraq cavablandıracam:
Əlbəttə ki,bu başqa mövzudur və ümid edirəm ki, ilk növbədə onlar da qanun qarşısında layiqli cavabını alacaqlar.
Bu mövzu ilə bağlı bizi qınayan müasir gənclərimiz də olacaq.Əlbəttə ki,onlar bizi başa düşməz,çünki,şəhərdə belə yerlərin mövcud olması bir çox gənclərimizdə adi hala çevrilib. Ancaq biz bir Azərbaycan xanımı-anası olaraq buna razı deyilik.Əgər bu obyekt sadəcə olaraq musiqili əyləncəli bir məkan olaraq fəaliyyət göstərsəydi niyə narazılıq edərdik axı?
Bir sözlə azyaşlı yeniyetmələrin belə məkanlarda işə cəlb olunaraq cinsi istismara məruz qalması,hələ bu da azmış kimi onlara psixotrop dərmanlar verilərək gələcəklərini məhv edilməsi bir valideyn olaraq mənə pis təsir edir.
Bir sözlə onların və ora təşrif buyuranların və orda qul kimi cinsi istismara məruz qalan gələcəyi məhv olmuş balaların əvəzinə biz xəcalət çəkirik.
Şikayətçimiz sonda onu da qeyd etdi ki, həmin o iyrənc məkanda səs-küyü yaradan da ora təşrif buyuran "qonaq"lardır. Klub isə sakitcə öz "qaranlıq fəaliyyətini" davam edir.
"Qaranlıq fəaliyyətlə" məşğul olan həmin obyektdə gündəlik əmək intizamının tələbləri ilə nəinki qadınların,eyni zamanda azyaşlı yeniyetmələrin hüquqları da pozulur. Yəni bu məkanda qadınlarımız alçaldılır, övladlarımız cinsi istismara məruz qalır.
Bəli,LİFE CLUB adı altında fəaliyyət göstərən bu yuvada milli-mənəvi əxlaqımız tapdaq altına atılır, gənclərimizin həyatı məhvə sürüklənir. Bəs görəsən, aidiyyatı qurumlar bu vəziyyətə niyə göz yumurlar? Xəstəlik qoxan, gəncliyi uçuruma aparan bu obyektin qorxusuz fəaliyyət göstərməsi nəinki övladlarımızın əxlaqına,həyat tərzinə ,psixologiyasına mənfi təsir göstərir, eyni zamanda onların gələcəkləri də məhv olur. Bir çox vaxtlarda da bu cür hallar bir çox sağalmaz,daşıyıcı xəstəliklərə yol açır.
Ümid edirik ki,bu faktlardan sonra aidiyyatı qurumlar bu xəstəlik mənbəyi olan obyektin fəaliyyətinə son qoyacaq.
Əziz İctimailider.az oxucuları, bu məkanla bağlı araşdırmalarımız davam edir.
Əziz İctimailider.az oxucular!
Diqqətiniz bizdə olsun.
İctimailider.az redaksiyası qarşı tərəfin söz haqqını tanıyır.
Yazmaq məndən,fikir bildirmək sizdən.
Hörmətlə: Şəfa Paşayeva