Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir. Şəxsən mənim müəllimə həmişə böyük hötmətim olubdur.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Ümummilli lideri
Dahi Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı.
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir". Bəli, müəllimlik ən müqəddəs sənətdir. Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın sinfoniyasını, dastanların nəğməsini, sözünü yaradan şairlərin, yazıçıların, möhtəşəmliyi ilə göz oxşayan binaları ucaldan, parkları salan memarların, insanlara həyat bəxş edən həkimlərin və yüzlərlə digər sənət sahiblərinin yaradıcısı kimdir?!- Əlbəttə ki, müəllim!
Müəllimlik dünyada ən çətin, çətin olduğu qədər də şərəfli və ğözəl peşədir. Müəllim sözünün arxasında böyük məna dayanır. Peşələrin ən çətini, ən məsuliyyətlisi və ən şərəflisidir müəllimlik. Mənim fikrimcə əsl müəllimlik anadangəlmə bir istedaddır, vergidir.
Bəli, müəllim böyük memardır, həyatın yaradıcısıdır.
Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər tələbələrin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Xalq o zaman formalaşır ki,tərkibində ziyalısı,elm adamı yetərincədir. Bunun isə əsası təhsil sistemi ilə bağlıdır. Elmin əsasını təşkil edən təhsil xalqın gələcəyi hesab olunur. Ölkənin nurlu sabahı təhsil işçilərinin çiyinləri üzərində. qurulur. Bildiyimiz kimi Azərbaycanda hər bir sahədə güclü islahatlar gedir.
Sabitlik və inkişaf devizi altında beynəlxalq aləmə inteqrasiya edən ölkəmizdə bu gün təhsil və maariflənmə ön plandadır. Təhsil sistemində şəffaflığın yaranması üçün bu sistemdə elmi dərəcəli pedaqoqlar çalışmalıdır. Bu gün ömrünü-gününü xalqımızın maariflənməsinə həsr edən belə pedaqoqlardan biri də sözün həqiqi mənasında imkansızlara qol-qanad olan, şərəfli və gərəkli ömür yolu keçən insan-dəyərlimiz İlqar Kubışovdur.
Gəlin, İlqar müəllimin keçdiyi şərəfli ömür yoluna qısaca da olsa nəzər salaq.
Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Kubışov İlqar Nadir oğlu 1971-ci ildə Gəncə şəhəri ziyalı ailəsində anadan olmuşdur. 1988-1993- cü illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) Maşınqayırma texnologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1996-cı ildən Gəncə Dövlət Universitetinin Tədris şöbəsində (indiki Tədris Deportamenti) dispetçer vəzifəsindən başlamışdır. 1997-2006 – cı illər ərzində tədris məsələləri üzrə prorektorun köməkçisi vəzifəsində, 2006-2012 ci illərdə rektorun köməkçisi vəzifəsində, 2012-2015-ci illərdə rektorun məsləhətçisi 2015-2022 –il illərdə rektorun müşaviri vəzifəsində, 2022- 2023-cü illərdə isə qiyabi təhsil fakultəsinin dekanı vəzifəsində çalışmışdır.
26.10.2023-cü il tarixdə Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin əmrinə əsasən Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru vəzifəsinə təyin edilmişdir.
İlqar Nadir oğlu Kubışov 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komisiyasının müvafiq qərarına əsasən riyaziyyat üzrə fəlsəfə doktoru, 2016-cı ildə isə dosentlik diplomuna layiq görülmüşdür.
İlqar Kubışov 62 elmi məqalə, 11 tezis, 14 fənn proqramı, 3 dərs vəsaiti və 1 dərsliyin müəllifidir.
Dəfələrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyəti başçısının və Gəncə Dövlət Universiteti rektorunun “Təşəkkür” və “Fəxri fərman” ları ilə təltif olunmuşdur.
31.10.2018-ci il tarixində isə İlqar Nadir oğlu Kubışov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “ Tərəqqi” medalına layiq görülmüşdür.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Gözünün nurunu,qəlbinin hərarətini, könlünün istisini tələbələrinə verən əsil müəllimlərdən biridir İlqar müəllim.
Ömrünü sevə-sevə bu müqəddəs peşəyə həsr edən öz tələbələrinə təkcə bilik öyrətmir, eyni zamanda onlara ata qayğısı ilə yanaşır, hər birinin yolgöstərəni, sirlərini bölüşə biləcəyi yaxın dostu olur. Elə bu səbəbdən də həmin kollecdə təhsil alan hər bir tələbə İlqar müəllimə çox bağlıdır.
Onu sevən, haqqında xoş sözlər söyləyən hər kəs eyni zamanda İlqar Kubışovun gözəl psixoloq olduğunu, şəhid və qazi ailələrinə, aztəminatlı ailələrə, övladlarına, xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşdığını da qeyd edirlər.
İlqar Kubışov sıravi müəllimlikdən direktor pilləsinə qədər şərəflə addımlayıb.
Getdiyi məclislərdə, qatıldığı tədbirlərdə hər kəs onu doğması kimi salamlayır. Tələbələri, rəhbərlik etdiyi kollecin bütün məzunları onu sevgi ilə, ehtiramla xatırlayırlar. Pedaqoji fəaliyyəti dövründə yüzlərlə gəncin yetişməsində, vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında bütün dəyərli, müəllimlər kimi İlqar müıllimin da rolu danılmazdır. Bu gün də şagirdlərinə, doğmalarına öz tövsiyələrini, dəyərli məsləhətlərini əsirgəmir .
İlqar müəllimin fikrincə harda olmalarından asılı olmayaraq onun haqqında söz düşərkən mənim dəyərli müəllimim, direktorum deyərək hər hansı bir şagirdimin üzündə təbəssüm yaratmaq kimi xoşbəxtliyə nail ola bilmişəmsə, deməli,bu dünyada ən böyük sərvəti mən qazanmışam. Bu mənim ən böyük uğurumdur, nailiyyətimdir.
Bəli, İlqar Nadir oğlu Kubışov haqqında deyilənlərdən məlum olur ki, o, olduqca peşəkar və nümunəvi idarəçilk qabiliyyətinə malikdir.Onun rəhbərliyi ilə kollecin uğurları ildən-ilə artmaqda davam edir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən bu dəyərli insana, İlqar Kubışova sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən çətin və şərəfli peşəsində uğurlar arzulayıram.
Şərəfli fəaliyyətiniz, ləyaqətli ömrünüz uzunömürlü, davamlı olsun, İlqar müəllim!