Hesab edirəm ki, səfərimiz kifayət qədər uğurlu oldu. Azərbaycanın hüquq-mühafizə orqanları ilə Türkiyənin, xüsusilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu ilə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələrimiz oldu, fikir və təkliflərimizi bir-birimizə bildirdik. Bildiyiniz kimi, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildik.
Bu sözləri Türkiyə Respublikasına rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
Görüşlərdə mühüm məsələlərin müzakirə olunduğunu və əhəmiyyətli qərarların qəbul edildiyini vurğulayan Baş prokuror bildirib:
“Müzakirə etdiyimiz təklifləri Türkiyə Prezidenti ilə görüşümüzdə də səsləndirdik. Bunlar nədən ibarətdir? Hesab edirik ki, yeni mərhələdə Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlərin daha da intensivləşməsi, daha faydalı olması üçün kifayət qədər əsaslar var. Təbii ki, bu, ilk növbədə ikinci Qarabağ müharibəsinin nəticələri və sonrakı fəaliyyətlərimizlə bağlıdır. Qərara aldıq ki, gələcəkdə münasibətlərimizi həm ikitərəfli formatda, həmçinin beynəlxalq qurumlar çərçivəsində inkişaf etdirək. Ən mühüm məsələlərdən biri odur ki, həmkarım, Türkiyənin Baş prokuroru Bəkir Şahinlə qarşıdakı illərdə türkdilli ölkələrin Baş Prokurorları Şurasının yaradılması üzərində işləmək və türkdilli ölkələrin baş prokurorlarının illik ümumi konfransının keçirilməsini təşkil etmək barədə razılığa gəldik. Hesab edirik ki, bu, çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Təbii ki, digər məsələlər də müzakirə olundu. Konkret cinayət işləri üzrə əməkdaşlıq, ekstradisiya məsələləri müzakirə edildi. Hesab edirəm ki, bizim faydalı əməkdaşlığımız həm dövlətlərimizin, həm xalqlarımızın və həm də hər iki dövlətin prokurorluqlarının mənafeyinə xidmət edir”.