kanal1

Avropada növbəti KORRUPSİYA SKANDALI – Rusiyanın təbliğatı üçün rüşvət alan şəbəkə İFŞA OLUNDU

Tarix:30-05-2024, 15:33
Baxış Sayı:0

Avropada növbəti KORRUPSİYA SKANDALI – Rusiyanın təbliğatı üçün rüşvət alan şəbəkə İFŞA OLUNDU

Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı yaşanır. Belçika federal prokurorunun bəyanatına görə, polis çərşənbə günü Avropa Parlamentinə “Russiagate” işi ilə bağlı reydlər keçirib.

Reyd zamanı Brüsseldəki şəxsi iqamətgahda, Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində axtarışlar aparılıb. Axtarışların aparılmasında məqsəd isə “Avropanın Səsi” internet saytında Rusiyanı təbliğ etmək üçün ödənilən pulların aşkar edilməsi ilə bağlı olub.

“Politico” nəşrinin məlumatına görə, Belçika polisi Almaniya üçün Alternativ (AFD) ifrat sağçı partiyasında çalışmış deputat köməkçisinin Rusiya ilə əlaqələrini araşdırır. Qeyd edək ki, həmin şəxs Avropa Parlamentinin hollandiyalı deputatı Marsel de Qraafın yardımçısıdır.

Araşdırmalar apreldə başlamışdı...

Ötən ayın 12-də nüfuzlu“Deutsche Welle” nəşri Belçika Federal Prokurorluğunun Avropanın Ukraynaya dəstəyini zəiflətmək üçün Moskvadan maliyyə vəsaiti almaqda şübhəli bilinən Avropa Parlamentinin bir sıra üzvləri ilə bağlı araşdırmalara başladığı ilə bağlı məlumat yaymışdı.

Belə ki, “Yeniləşən Avropa” fraksiyasının rəhbəri, fransalı Valeri Ayenin AP rəhbəri Roberta Metsolaya yazdığı məktub üzə çıxmışdı:

“Əgər qarşıdan gələn seçkilərdə vəzifədə olan deputatlar və ya namizədlər Rusiya hökumətindən və ya onun etibarlı şəxslərindən pul alıbsa, onlar ifşa edilməli və onlara qarşı tədbir görülməlidir”, - deyə məktubda qeyd olunmuşdu.

Bundan əlavə nəşr yazmışdı ki, “Avropanın Səsi” internet saytında müntəzəm olaraq avropalı siyasətçilərin Ukraynaya yardımı dayandırmağa yönələn çağırışları dərc olunub:

“Bu çağırışların müəlliflərindən bəzilərinə bunun üçün pul ödənilib. Almaniya , Belçika, Fransa, Macarıstan, Hollandiya və Polşadan olan bir sıra siyasətçilər bu kampaniyaya qoşulublar”.

Nəzərə alaq ki, AFD ilə bağlı bu ilk qalmaqal deyil.

AFD-nin adı son aylarda bir neçə qalmaqalda hallanıb. Hətta bu ilin aprel ayında partiyanın üzvü - Avropa Parlamentinin yüksək rütbəli deputatı Maksimilian Krahın köməkçisi həbs edilmişdi. Krahın Jian G. adlı köməkçisinin Çin məxfi xidmətinin əməkdaşı olduğu bildirilib. İstintaq zamanı məlum olub ki, Krah Avropa Parlamenti deputatı kimi xüsusi məqsədlər üçün Rusiya və Çindən ödənişlər qəbul edib.

Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı şərh verməkdən imtina edib. Lakin istintaq orqanlarının deputatın ofisinə girişinə icazə verildiyini təsdiqləyib.

Korrupsiya qalmaqlı Avropa Parlamenti üçün xarakterik haldır.

Demək olar ki, hər ay hansısa AP deputatının adı korrupsiya qalmaqalında hallanır. Bundan əvvəl Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin korrupsiya əməlləri ifşa olunmuşdu. İddiaya görə AK rəhbəri müəyyən şəxsləri vəzifəyə təyin etmək üçün xüsusi olaraq Avropa Komissiyasında kiçik və orta sahibkarlıq üzrə səfir vəzifəsini yaradıb.

AP-ın daha bir neçə yüksək çinli məmuru da korrupsiyaya bulaşıb...

Xatırladaq ki, bir qədər əvvəl Avropa Parlamentinin sədr müavini Eva Kayli Brüssel polisi tərəfindən saxlanmışdı. Belçika Federal Prokurorluğu onun korrupsiya ittihamı ilə saxlanılması üçün sanksiya da vermişdi. İttihama görə xanım Kayli futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün öz vəzifəsindən sui-istifadə edib.

Nəzərə alaq ki, bu, Eva Kaylinın adının hallandığı ilk rüşvət və korrupsiya qalmaqalı deyil. Avropa Parlamentinə (AP) Yunanıstandan seçilmiş Kayli Avropada fəaliyyət göstərən erməni lobbi qrupları ilə də sıx əməkdaşlıq edib. Yada salaq ki, 2021-ci il noyabrın 19-da Azərbaycan əleyhinə qəbul edilən bəyanat Avropa Parlamentinin adından elan edilsə də, bəyanatı yalnız 33 nəfər AP üzvü imzalayıb.

Həmin 33 nəfər isə Avropa Parlamentində təmsil olunan “Ermənistanla dostluq qrupu”nun üzvləridirlər. Bəyanatın hazırlanmasında və qəbul etdirilməsində Lukas Furlas, Lefteris Xristofor, Lars Patrik Berq ilə yanaşı, yunan deputat Eva Kayli də xüsusi aktivlik göstərmişdi.

Bəyanatda Azərbaycan Silahlı Qüvvələrinin “Ermənistanın ərazi bütövlüyünə qəsd etməsi” kimi qondarma ittihamlara yer verilmişdi. Həmin 33 deputat da “Ermənistanın ərazi bütövlüyünə qəsd edilməsinin qarşısını almaq üçün” Avropa İttifaqını bütün rıçaqlardan istifadə etməyə çağırırdılar.

Avropa Parlamentinə “çirkli pullar” necə yol tapır?

Avropada lobbiçilik çoxları üçün gündəlik qazanc yeridir. Məsələn, Almaniyadan olan “Yaşıllar fraksiyası”nın rəhbəri Rebekka Harms müsahibələrindən birində qeyd edib ki, Avropa təşkilatlarında Avropaya birbaşa aiddiyyəti olmayan mövzular daha çox müzakirə edilir:

“Avropa xalqları üçün zəruri olan məsələlərə isə kifayət qədər yer ayırmır”.

Lobbiçilik deyəndə isə ilk olaraq ermənilər yada düşür. Çünki erməni lobbisi Avropada kifayət qədər populyardır. Bir faktı da diqqətə çatdıraq ki, Avropa İttifaqında əsas lobbiçi Fransanın “Coop de France” şirkətidir. Həmin şirkətin səhmlərinin 90 faizi isə Fransadakı erməni milyarderlərinin əlindədir. Bundan başqa Avropa Parlamentində “Ermənistanla dostluq qrupu” fəaliyyət göstərir. Bu qrupun üzvləri təkcə AP-da deyil, həm də öz ölkələrinin parlamentində ermənilərə vəkillik edirlər.

Ümumiyyətlə, erməni milyarderlər maaşla dolanan istənilən Avropalı parlamentarisini asanlıqla ələ ala bilirlər. Bəzi hallarda parlamentarilərin xüsusi məqsədli çıxışları və hərəkətləri həmin dövlətin də işinə yarayır. Necə deyərlər: “ilanı Seyid Əhmədin əli ilə tuturlar”. Dar macalda isə həmin dövlətin rəsmiləri çıxıb deyir ki, “bu bizim dövlətin yox, hansısa partiya funksionerinin mövqeyidir”.

Daha bir korrupsiya faktı…

2022-ci ilin aprelində Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın etdilər. Xeyli sayda deputat korrupsiya faktına görə saxlanıldı.

Nəzərə alaq ki, Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır. Avropa Xalq Partiyasının üzvləri Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilərdir.

2023-də “Politico” məlumat yaymışdı ki, dörd il ərzində Avropa Parlamentinin keçmiş üzvü Pier Antonio Panzeri və onun köməkçisi Françesko Giorgi Qətər, Mərakeş və Mavritaniyada iddia edilən müştərilərlə əməkdaşlıq edib və Avropa İttifaqının əsas demokratik orqanının işi onların xeyrinə təsir edib.

Məhz bu kimi səbəblər üzündən 2022-ci ildə Macarıstanın baş naziri Viktor Orban Qətər və Mərakeşin Aİ işlərinə qarışması ilə bağlı korrupsiya qalmaqalı səbəbindən Avropa Parlamentinin buraxılmasını təklif etmişdi. Amma Orbanın haqlı təklifi korrupsioner qurum tərəfindən eşidilmədi.

Avropalılar davranış kodeksinə niyə əməl etmir?

Xatırladaq ki, daha əvvəllər də Avropa Parlamentinin bir çox üzvü, davranış kodeksinin əksinə olaraq, böyük miqdarda ödənilən pullar hesabına iri şirkətlərin maraqlarına uyğun qanunların qəbul olunması üçün lobbiçilik fəaliyyəti ilə məşğul olub.

Avropa Parlamentinin bir sıra deputatları hələ 2011-ci ilin martında etiraf ediblər ki, böyük qonorarlar hesabına maliyyə sektoru üçün bank idarəçiliyi haqda qanunun qəbul edilməsinə kömək ediblər. Bundan sonra tezliklə deputatların yeni davranış kodeksi qəbul olunub və bura lobbistlər üçün şəffaflıq reyestri də daxil edilib. Lakin bu kodeks yalnız kağız üzərində qalıb.

Bu da o deməkdir ki, Avropa Parlamenti olduğu kimi yox, görünmək istədiyi kimi olmağa çalışır. Amma qiymətli hədiyyələr və külli miqdarda pul avropalı parlamentariləri görünmək istədikləri donu tez sıradan çıxarır. Beləcə, AP deputatları əsl simaları və korrupsiyalaşmış əndamları ilə tez-tez polis qabağında poz verməli olurlar. (Bizim.Media)

“Capital City” tikinti şirkəti obyektləri və yaşayış evlərini sakinlərin başlarına uçurmaqdan çəkinmir” – Mərdanov qardaşları və Abbas Səhhət küçələrində narazılıq pik həddə
“Capital City” tikinti şirkəti obyektləri və yaşayış evlərini sakinlərin başlarına uçurmaqdan çəkinmir” – Mərdanov qardaşları və Abbas Səhhət küçələrində narazılıq pik həddə
70 kilo qızılla saxlanılan hərbi attaşe kimin kimidir? - ARAŞDIRMA
70 kilo qızılla saxlanılan hərbi attaşe kimin kimidir? - ARAŞDIRMA
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur
Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur
Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur
Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur
Beyruta irimiqyaslı hava zərbələri endirilir
Beyruta irimiqyaslı hava zərbələri endirilir
Beyruta irimiqyaslı hava zərbələri endirilir
Beyruta irimiqyaslı hava zərbələri endirilir