kanal1

Nə oldu, Makron? - AKTUAL

Tarix:20-04-2024, 12:04
Baxış Sayı:2

Nə oldu, Makron? - AKTUAL


Postsovet məkanı ilə yanaşı, bütün Avrasiyada "ilk dəfə" kimi dəyərəndirilə biləcək hadisələri Azərbaycan reallaşdırdı.

İlk dəfə bir ölkə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin nə bu təşkilat, nə vasitəçi ölkələr, nə də dünya birliyi tərəfindən həyata keçirildiyini yəqin etdikdən sonra işə keçdi və sənədlərdəki şərtləri özü gerçək etdi.

İlk dəfə bir ölkə suverenliyini, sərhəd bütünlüyünü və ərazisinin bütövləşməsini dünyanın supergüclərinin kəskin müqavimətinə, qıcığına və narazılığına rəğmən, reallaşdırdı.

İlk dəfə bir ölkə ərazisindəki separatçı rejimi çox qısa müddətdə, cəmi 44 gündə məğlub etdi, həmin terrorçu rejimi dəstəkləyən və yaşadan ölkəni kapitulyasiyaya vadar etdi.

İlk dəfə bir ölkə terrorizmi yaşam prinsipinə çevirmiş xuntanı ərazisində cəmi 23 saata diz çökdürdü.

İlk dəfə bir ölkə ərazisinə yeridilmiş Rusiya sülhməramlılarının könüllü, hansısa qarşıdurma və eksess olmadan çıxıb getmələrinə nail oldu.

İlk dəfə bir ölkə 30 ildən bəri işğalda olan 4 kəndini sərhəddəki danışıqlarda imzalanan memorandumla azad edərək özünə qaytardı.

Onillərlə ərazisinin 20 faizi işğal altında qalan, sonra bu işğala son qoyan və indi də işğalçı dövləti sülh gündəliyinə vadar edən Azərbaycan ilk dəfə olaraq postsovet məkanında ən qaynar münaqişələrdən birini tarixə qovuşduraraq, sərhədin delimitasiyası və demarkasiyası prosesinə hazırlaşır.

Ermənistanın baş naziri Nikol Paşinyan son günlərədək "Azərbaycan hərbi əməliyyatlara başlaya bilər" ifadəsini təkrarlayaraq, erməniləri yeni hərbi əməliyyatın mümkünlüyü ilə qorxutmaqla yanaşı, öz merkantil siyasi maraqlarını təmin etməyə can atır.

İrəvandakı hakimiyyətin məqsədi müharibənin mümkünlüyündən bəhs edərək, ABŞ, Fransa və Avropa İttifaqından mümkün qədər çox yardım, silah-sursat, hərbi texnika və maliyyə almaqdır.

Nikol Paşinyan ölkəsinin təhlükəsizliyinin təminatı üçün Qərbdən dəstəyə zərurət duyduğunu, Rusiya ilə indiyədək mövcud olmuş münasibətlər sisteminin yaranmış çağırışların öhdəsindən gələ bilmədiyini, risklərin zərərsizləşdirilməsi üçün zəruri səviyyədə olmadığını vurğulayır.

"Müharibə ola bilər" ifadəsi də Ermənistanın Vaşinqton, Paris və Brüssel qarşısında üzərinə götürdüyü öhdəliklər məcmusunu yerinə yetirmək üçün "gərəkli" geosiyasi - uydurma da olsa - əsas yaradılmasına xidmət edir.

Halbuki Ermənistanda işğalda qalmış 7 kəndimizin azad edilməsi Azərbaycanla Ermənistan arasındakı sərhədin müəyyənləşdirilməsinin əsas şərtidir.

Dünənsə hökumətlərarası komissiya Qazax rayonunu 4 kəndinin işğaldan azad edilərək, Azərbaycana qaytarılması ilə bağlı razılaşma əldə edib. Söhbət Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir.

Mayın 15-dək Azərbaycanla Ermənistan arasında protokol imzalanacaq, həmin kəndlər ətrafında Azərbaycanla Ermənistanın sərhədləri müəyyənləşdirilərək dəqiqləşəcək.

Azərbaycanla Ermənistan orada paralel olaraq sərhəd və gömrük strukturlarını yerləşdirəcəklər.

Ən əsası, Bakı və İrəvan 1991-ci il tarixli Alma-Ata bəyannaməsini iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi üçün əsas qismində qəbul edirlər.

Bəyannamə əsas sayılacaq: ya onun şərtləri Azərbaycanla Ermənistan arasındakı sülh sazişində əks olunacaq, ya da tərəflər bununla bağlı ayrıca sənədi imzalayacaqlar.

Belə olarsa, daha bir “ilk” yaşanacaq: Azərbaycan işğal edilmiş ərazilərini danışıqlar prosesi ilə azad edərək geri qaytaran ilk postsovet ölkəsi olacaq.

4 kəndimizlə bağlı situasiya Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin də aktivləşməsinə səbəb olacaq önəmli amildir.

Ən azı ona görə ki, sərhədinin Azərbaycanla razılaşdırılmış və müəyyənləşdirilmiş hissəsinə nail olacaq Ermənistan xarici siyasətində daha aktiv olmaq imkanlarına yiyələnməklə yanaşı, daxili siyasətində əlavə təsir rıçaqları əldə edəcək.

Göründüyü kimi, rəsmi Bakı qarşısına qoyduğu məqsədlərə doğru qətiyyətlə, tələsmədən və inamla irəliləyir.

Dünənki hadisənin kölgədə qalan, amma çox önəmli məqamlarından biri, fikrimizcə, Ermənistanın məlum qərarı qəbul etməsində Qərbin rolunun hansı dərəcədə olmasıdır.

Aprelin 5-də Brüsseldə keçirilmiş görüşdə müzakirə edilən mövzuları və qəbul edilmiş sənədin bəndlərini xatırlasaq, Vaşinqton-Paris-Brüssel triosunun prosesin məhz onların mənafelərinin tam təmin olunacağı məcrada getməsində maraqlı olduqlarını unutmayaq.

Rəsmi Bakı həmin planlara korrektələrə Qərbi vadar etdi - rasional siyasəti, prinsipial mövqeyi və müstəqil diplomatiyası ilə. Məhz bu səbəbdən ABŞ və Avropa İttifaqı dünən əldə edilmiş razılaşmanı bölgədə praqmatizmin nişanəsi sayır, lakin öz niyyətlərinin məcburi transformasiyaya uğradılmasını etiraf etmirlər.

Qarabağ problemini “dondurulmuş münaqişə”yə döndərmək və Azərbaycan ərazilərinin 20 faizini erməni işğalında saxlamağa çalışan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaramaz fəaliyyətini sonradan Vaşinqton, Paris və Brüssel davam etdirməyə, süni gərginlik yaratmaq vasitəsilə öz maraqlarını təmin etməyə çalışmışdılar.

Fransa bu prosesdə xüsusi aktiv idi və indi də fəaldır. Məhz rəsmi Paris Azərbaycanın guya yeni hərbi əməliyyatlara hazırlaşması ilə bağlı propaqanda aparır, həmin narrativi Ermənistanın siyasi elitalarına da təkrarladır.

Fəqət, Emmanuel Makronun hazırladığı ssenari iflasa uğradı, propaqanda heç bir nəticə vermədi və Azərbaycan 4 kəndini bir atəş belə açılmadan azad etdi.

Dünən Bakı və İrəvanın nümayəndə heyəti şərti dövlət sərhədində məhsuldar görüş keçirdilər.

Azərbaycanın təklif və təkid etdiyi formatda, üçüncü tərəf, vasitəçi olmadan.

Deməli, Bakı və İrəvan hər hansı moderatorlar, əcnəbi vasitəçilər kimi süni nüanslar olmadan müzakirələr apararaq, məntiqi nəticə əldə edə bilərlər.

Ümid edək ki, bu proses davamlı olacaq. (TREND)

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR