kanal1

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

Tarix:30-09-2023, 16:30
Baxış Sayı:10

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?


Britaniyanın “The Guardian” nəşri erməni terrorçularını zərərləşdirərək 200-dək şəhid verən Azərbaycana qarşı qərəzli material dərc edib. İddia olunur ki, guya “Qarabağda minlərlə erməninin evlərini tərk edərək məcburi köçkünə çevrilməsinin "dramatik görüntüləri üzə çıxdıqdan" sonra Qərbdə bəziləri Azərbaycanla münasibətlərini yenidən düşünməyə başlayıb.

Söhbətin hansı dramatik görüntülərdən getdiyi məlum deyil. Ermənilər Azərbaycan sərhədini gülə-gülə keçirlər, onlara qarşı heç bir diskriminasiya olmadığı barədə jurnalistlərə həvəslə açıqlamalar verirlər. Nəşr yazır ki, "Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağa hərbi hücuma başlamaq və regiondan qaçqın axınının yaratdığı humanitar fəlakətə səbəb olmaqla Aİ və ABŞ-ı qəzəbləndirib".

Guya adının açıqlanmasını istəməyən Bakıdakı yüksək rütbəli Qərb diplomatı “böhran və insan əzabının qarşısı alına bilərdi və alınmalı idi. Azərbaycanla həmişəki kimi işimizə davam etmək bizim üçün daha çətin olacaq” deyib. Nəşr yazır ki, Azərbaycana münasibəti mənfi olmayan "Karnegi" təhlil mərkəzinin əməkdaşı Tomas de Vall "Brüssel və Vaşinqtonda bir çoxları Azərbaycanın güc tətbiq etməsindən şokdadır və özlərini aldadılmış hiss edirlər”, - deyib. “Münaqişənin həlli üçün uzun səylərə baxmayaraq, Qərb marginallaşdırılıb. Amma deyəsən, Bakının həqiqətən nə qədər vacib və etibarlı olduğuna yenidən baxılır”. Nəşr yenə köhnə havaları çalıb, Bakının “kürü diplomatiyası” haqda cəfəng iddialardan da yazıb.

“Avropa Komissiyasının sədri Ursula fon der Leyen 2022-ci ildə Aİ-nin Rusiya enerjisindən asılılığını azaltmağa çalışdığı bir vaxtda Bakıya səfər edib və Azərbaycanı "kritik" və “etibarlı” enerji təchizatçısı adlandırıb. O, 2027-ci ilə qədər Aİ-nin Azərbaycan qazının alışını ikiqat artırmağa dair razılaşma əldə etdiyini açıqlayıb, lakin ölkənin insan haqları sahəsində vəziyyəti və Ermənistanla münasibətlərinə toxunmayıb.

“The Guardian” hansısa “müşahidəçilərə” istinad edərək yazır ki, guya onlar “Avropanın Azərbaycanın enerji resurslarından asılılığının Bakının özü tərəfindən çox şişirdildiyini deyirlər. Xarici Siyasət Tədqiqat İnstitutunun əməkdaşı Maks Hess isə deyib ki, "Azərbaycan qaz bazarına təsirini şişirdir, bu isə Avropa siyasətçiləri tərəfindən tənbəlliklə qəbul edilir". Nəşr yenə “bəzi Qərb rəsmilərinə” istinad edərək iddia edir ki, guya Qarabağdakı antiterror tədbirlərindən sonra Azərbaycana qarşı sanksiyaları düşünürlər.

Amma səslənən bu fikirlər və iddialar blefə oxşayır. Onların sabun köpüyü kimi dağılacağı göz qabağındadır. İnandırıcı deyil ki, Qərb Bakı ilə körpüləri yandırsın, bizi sanksiyalar altına salsın - terrorçu rejimə görə. Bu azmış kimi, qondarma rejim özünü buraxıbsa, Azərbaycana hansı əsasla sanksiyalar ola bilər? “Ölkənizdə niyə separatçı rejimi diz çökdürdünüz?” deyəcəklər, yoxsa bundan pərişan olacaqlar? O ki qaldı erməni əhalisinə, onları qovan yoxdur, hətta bəziləri qoyun sürüsünü də özü ilə apara bilir. Polis və hərbçilər isə su, şokolad paylayır. Hansı “etnik təmizləmə” faktı var? Əgər Qarabağda qalmırlarsa, zorla saxlamaq olmaz. O halda Qərb hansı məntiqlə bizə sanksiya tətbiq edə bilər? Üstəgəl, Ukrayna böhranı fonunda Azərbaycan enerjisinə tələbat artıb...

Deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında Qərbin bəzi siyasi dairələrinin sanksiyalar haqda iddialarını əsassız adlandırdı. E.Nəsirov vurğuladı ki, Azərbaycan ictimaiyyəti anlaya bilmir, terrorizmə qarşı mübarizəyə görə nə vaxtdan dövlət sanksiyalara məruz qalmalıdır?! Onun fikrincə, harada görünüb ki, separatizm yuvasını dağıtmaq səbəbindən sanksiyalar tətbiq edilsin: “Biz Qarabağda terrorizmin kökünü kəsmişiksə, deməli, beynəlxalq terrorizmə töhfə vermiş oluruq. İkincisi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmişik, indi buna görə sanksiyalar olmalıdır? ABŞ-da Kaliforniya ştatı separatçı yuvaya çevrilsəydi, Fransada Marsel şəhərinin separatçı qüvvələri ayrıca respublika qurduqlarını elan etsəydilər, onlar necə davranardılar? Əgər bu ölkələr separatizmə qarşı əməliyyatlar həyata keçirsəydilər, ABŞ və Fransaya sanksiyalar tətbiq ediləcəkdimi? Yəni antiterror tədbirlərinə görə sanksiyaları gündəmə gətirmək absurddur”.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti bəyan edib ki, dinc erməni əhalisinin hüquq və təhlükəsizliyinə təminat verilib: “Prezidentin sözü imzası qədər dəyərlidir. Eyni zamanda köçüb gedən ermənilər jurnalistlərə verdikləri açıqlamalarda təsdiqləyirlər ki, bizə xoş üz göstərilir. Həmçinin Xankəndinə işıq vermişik. Hansı zorakılıqdan söhbət gedə bilər? Onların bəziləri qayıdacaqlarını da qeyd edirlər. O ki qaldı Avropanın Azərbaycan qazına olan tələbat, bəli, təbii ki, biz onlar üçün böyük əhəmiyyət kəsb edirik. Onlar Bakıya gəlirlər, xahiş edirlər ki, qaz həcmini ikiqat artırın. Ona görə malı mala qatmasınlar. Azərbaycan Avropanın xahişini yerinə yetirir və həqiqəti tərif etməsinlər. Əgər kimlərsə Azərbaycana sanksiya tətbiq etmək niyyətinə düşsə, bu, separatizmin bayramı olacaq. O baxımdan, Azərbaycana "sağ ol" desinlər ki, separatizmin kökünü qazımışıq".

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, bu məsələdə tələyə düşmək olmaz. Onun sözlərinə görə, belə iddiaları erməni mənbələri ortalığa ataraq yazırlar ki, guya Qərb Azərbaycanın neft-qazına görə antiterror addımlarımıza göz yumur. “Axı biz hansı qeyri-qanuni addımı atmışıq ki, Qərb Azərbaycanın qazına görə sussun, yaxud sanksiya tətbiq etsin? Kifayət qədər yanlış yanaşmadır və kökündən səhv qoyulub. Biz belə iddiaların dövriyyəyə buraxılmasına cavab verməliyik. Digər bir məsələ - BMT-nin yerində monitorinq etməsinə Bakı razılıq verib, gəlib şəraitlə tanış olsunlar. Qarabağda heç bir etnik təmizləmə yoxdur. Çox qəribədir ki, Ukraynanın şərqində də separatizm var, buna başqa yanaşma görürük, bizdə olana fərqli... Belə çıxır ki, Ukraynada, Gürcüstanda olan separatizm pisdir, bizdə separatizm yaxşıdır. Belə yanaşma ola bilməz. Ona görə neft-qaz məsələsi kənara qoyulmalıdır. Sanki biz haqsızıq, amma enerji məhsullarına görə Avropa göz yumur...”

N.Cəfərli hesab edir ki, bu, ermənilərin ritorikasıdır: “Ermənilərin təsiri olan media resursları var. Lakin bizim üçün avropalı rəsmilərin mövqeyi vacibdir. İndiyə qədər Avropa dövlətlərindən hansısa rəsmi şəxs antiterror tədbirləri ilə bağlı əleyhimizə çıxmayıb. Sadəcə, humanitar mövzularda çağırışlar olub. Çünki biz beynəlxalq hüquqa görə davranmışıq. Etnik təmizləmə isə ağır itihamdır və bunu sübut etmək lazımdır. Azərbaycan dinc əhalini dəvət edir ki, qalıb yaşasınlar, yaxşı şərait yaradılacaq. Əgər gedirlərsə, öz seçimləridir, kimsə qovmur. Qərblə enerji əməkdaşlığına gəlincə, təbii ki, Bolqarıstan, Macarıstan və digər ölkələrə qazımız ixrac edilir, onlar da Azərbaycanla münasibətləri korlamaq istəmirlər”.

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO