kanal1

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

Tarix:30-09-2023, 10:15
Baxış Sayı:6

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı


Rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq istiqamətində israrlı davransa da, Ermənistanın bu yolu sona qədər gedə biləcəyinə əmin deyil... Paşinyan hakimiyyəti Ermənistanın öz hədəfinə çatmadan, Qərbə uzanan yolda “yoxa çıxa biləcəyindən” narahatdır...
Ermənistan tarixi məğlubiyyətlər silsiləsi ilə üzləşib. Rəsmi İrəvan Ermənistanın son 30 il ərzində malik olduğu və lovğalandığı bütün hərbi-siyasi mövqeləri bir-birinin ardınca uduzmaqda davam edir. Ermənistan məğlub olduqca erməni siyasi-ideoloji mərkəzlərinin onilliklər boyu uydurduqları “möhtəşəm tarix” də “sabun köpüyü” kimi partlayıb, yox olur. Və bu, uydurulmuş “tarix”in ömrünün çox da uzun olmadığını birmənalı şəkildə təsdiqləyir.

İndi Ermənistan işğal etdiyi ərazilərə nəzarəti həmişəlik itirməklə yanaşı, beynəlxalq məkanda da propoqanda mexanizmlərindən məhrum olur. Rəsmi İrəvan artıq həm regionda, həm də ümumiyyətlə, dünyada küncə sıxışdırılmış duruma düşməyə başlayıb. Ona görə də, hazırda Paşinyan hakimiyyəti üçün əsas problemlərin sırasında artıq Ermənistanın qondarma “dövlətçiliyini” qorumaq məsələsi ön plana keçməyə başlayıb.

Məsələ ondadır ki, Ermənistanın beynəlxalq himayədarları, o cümlədən də, Fransa daha “erməni xəyalları”nı əvvəlki kimi müdafiə edə bilmir. Prezident Emmanuel Makron ermənilərin maraqlarını müdafiə edəcəyini xüsusi olaraq, vəd etsə də, son illərdə baş vermiş ardıcıl hərbi hesablaşmalarda Fransa Ermənistana heç bir dəstək göstərməyə nail olmayıb. Əksinə, ən həlledici məqamlarda rəsmi Paris sadəcə, susmaq məcburiyyətində qalıb.

Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Fransanın həm Cənubi Qafqazda manevr imkanları mövcud deyil, həm də Azərbaycana təzyiq mexanizmləri yoxdur. Eyni zamanda, rəsmi Paris artıq birmənalı şəkildə anlayır ki, Azərbaycan-Türkiyə İttifaqı Ermənistan-Fransa cütlüyündən müqayisəolunmaz səviyyədə güclüdür. Və Türk İttifaqına qalib gəlmək erməni-fransız “bacılığı” üçün əlcatmaz hədəfdir.

Təbii ki, belə vəziyyətin yaranmasında rəsmi Bakının qətiyyətli və prinsipial qərarları xüsusi rol oynayır. Azərbaycan ordusunun lokal antiterror tədbirlərinin nəticələri Cənubi Qafqazda situasiyanı daha da dəqiqləşdirib. Beynəlxalq ermənipərəstlərin regiona sonuncu təzyiq faktoru olan Xankəndi və ətraf bölgədəki erməni terrorizmi sıradan çıxarılıb. Azərbaycan Qarabağ üzərində öz suveren hüquqlarını tam şəkildə bərpa edib. Və bu baxımdan, Fransanın Cənubi Qafqazda manevr məkanı daha da məhdudlaşdırılaraq, Ermənistan ərazisinə qapadılıb.

“Azərbaycan ərazisində artıq “boz zona” yoxdur” deyən Prezident İlham Əliyevsə, Cənubi Qafqazı qarışdıraraq, öz maraqlarını reallaşdırmağa çalışan beynəlxalq dairələrə sərt xəbərdarlıq edib: "Bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə mesaj verirəm ki, bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir".

Azərbaycan Prezidentinin bu xəbərdarlıq mesajından ilk növbədə Ermənistanın beynəlxalq himayədarı Fransa nəticə çıxartmalıdır. Çünki rəsmi Paris Azərbaycana qarşı beynəlxalq platformalarda siyasi savaş açmağa çalışır. Bununla da, Azərbaycana təzyiq göstərməklə, Cənubi Qafqazda Fransanın bu regiona aidiyyatı olmayan maraqlarına məkan açmağa cəhd göstərir. Və rəsmi Bakı Fransanın davranışlarına münasibətdə səbrinin tükənmək üzrə olduğunu qabartmaqla, reaksiya verir.

Belə anlaşılır ki, Ermənistanın Fransadan umduğu dəstək real xarakter daşımır. Rəsmi Bakı Fransaya Cənubi Qafqaza yerləşmək imkanı vermək niyyətyində deyil. Ona görə də, rəsmi İrəvan Fransanın reallaşma ehtimalı olmayan vədlərinə ümid bəsləmək əvəzinə Ermənistanın gələcək taleyi barədə düşünsə, daha doğru olardı. Çünki rəsmi Paris əslində, vəd etdiyi dəstəyi reallaşdıra bilməsə də, Ermənistanın açıq hədəfə çevrilməsinə yol açacaq davranışları ilə onu təhlükəyə atır.

Xüsusilə də, Ermənistan-Fransa münasibətləri Rusiyanı ciddi şəkildə qıcıqlandırır. Son vaxtla Rusiya-Ermənistan münasibətləri təhlükəli həddə qədər gərginləşib. İndi Kreml Ermənistanı dövlət müstəqilliyindən məhrum edə biləcəyi ilə də hədələyir. Hətta yaxın vaxtlarda Ermənistanın sadəcə, Rusiyanın quberniyasına çevrilmə ehtimalına eyham vurur. Və bu, iki müttəfiq ölkə arasındakı münasibətlərin düşmənçilik keyfiyyəti qazandığını da göstərir.

Paşinyan hakimiyyəti Rusiyanı qıcıqlandıran davranışlarını davam etdirsə də, Kremlin Ermənistana qarşı radikal addımlar ata biləcəyindən də ciddi şəkildə narahatdır. Parlamentin spikeri Alen Simonyan bildirib ki, bəzi ölkələr Ermənistana qarşı hibrid savaş aparırlar. O, Ermənistanın suverenliyinə və mövcudluğuna qarşı ciddi təhlükənin olduğunu vurğulayıb.

Təbii ki, erməni spiker açıq ünvan göstərməsə də, onun məhz Rusiyanı nəzərdə tutduğu qətiyyən şübhə doğurmur. Çünki əgər, Azərbaycandan gözlənilən hərbi təhlükə barədə danışmış olsaydı, açıq şəkildə rəsmi Bakını ittiham edərdi. Bunu etməyibsə, deməli, məhz Rusiyadan gözlənilən təhlükəni gündəmə gətirib. Sadəcə, Rusiyanın adını çəkməyə cəsarəti çatmayıb. Üstəlik, erməni spikerin “hibrid savaş” iddiaları Kremlin “quberniya” mesajından sonraya təsdüf edir.

Göründüyü kimi, rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq istiqamətində ardıcıl addımlar atmağa çalışır. Ancaq Paşinyan hakimiyyəti Ermənistanın Qərbə uzanan yolu sona qədər gedə biləcəyinə də qətiyyən əmin deyil. Və Ermənistanın öz hədəfinə çatmadan həmin “yolda yoxa çıxa biləcəyindən” narahatdır. (Yeni Müsavat)

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO