Bakı şəhər Heyvanat Parkı (“Bakı Zooparkı”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “NAR GROUP SUPPLY” MMC (VÖEN – 1406131061) olub.
“Bakı Zooparkı” “NAR GROUP SUPPLY” şirkətindən heyvanlar və sair canlılar üçün illik rasion üzrə yemlər və qidalar satın alacaq. Alınacaq yemlərin qarşılığında “NAR GROUP SUPPLY” şirkətinə 839 min 959 manat 1 qəpik ödəniləcək.
Onu da bildirək ki, “Bakı Zooparkı” ümumilikdə 77 adda yem və qida alacaq. Bunların arasında diri formada 10 min birgünlük siçan, 1000-dən çox diri dovşan, 18 kiloqram diri tarakan, 7 mindən çox diri bildirçin, 250 kiloqram qoz, 17 minə yaxın yumurta da olacaq.
Qeyd edək ki, “NAR GROUP SUPPLY” MMC ötən ilin sentyabr ayının 12-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC barəsində açıq internet resurslarda heçbir məlumat yoxdur. Şirkətin daha əvvəl bu sahədə hansı təcrübəsinin olduğu barədə məlumat əldə etmək mümkün deyil.