İki gün öncə xəbər vermişdik ki, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev Ermənistanın hərbi təxribatı ilə bağlı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə səlahiyyətli şəxslərinə müraciət edib.
Virtualaz.org xatırladır ki, müraciətdə Ermənistanın təcavüz aktı barəsində Avropa Parlamentinin vəzifəli şəxslərinə ətraflı məlumat verilmiş və sərhəddə baş verən hadisələr və onların doğuracağı nəticələr üçün bütün məsuliyyətin Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşdüyü bildirilmişdi.
Bu gün redaksiyamıza daxil olan məlumata görə, Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand deputatımızın müraciətinə cavab olaraq bəyanat yayımlayıb.
Xanım Kalyurand öz bəyanatında son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən və Tovuz rayonunda hərbi və mülki şəxslərin həlak olması ilə nəticələnən hərbi qarşıdurmaya görə dərin narahatlıq hissi keçirdiyini bildirib və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı ifadə edib. Diplomat qeyd edib ki, Avropa Parlamentinin dəfələrlə qeyd etdiyi kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur və münaqişə yalnız BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə beynəlxalq hüquq normalarına əsasən həll edilməlidir. Bəyanatda ATƏT-in Minsk Qrupunun 2009-cu il Əsas Prinsipləri əsasında münaqişənin həlli istiqamətində səylərinə dəstək ifadə olunub. Avropa Parlamentinin təmsilçisi münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa, gərginliyin artmasına xidmət edən bütün hərəkətlərdən çəkinməyə və münaqişənin dərinləşməsinin qarşısını almaq üçün dərhal danışıqlara başlamağa çağırış edib.