ictimailider.az
"Həbsdə olduğum zaman başa düşdüm ki, mən yanılmışam" - Fədayə Laçın
Müğənni Fədayə Laçın "İnstagram"da canlı yayımda maraqlı açıqlamalar edib.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, hazırda Rusiyada olduğunu bildirib.
"Novruz bayramı ərəfəsində dostlarım mənə dəstək üçün Moskva şəhərində bir neçə konsert proqramı təşkil etdilər. Mən də o konsertlərdə iştirak etdim. Sonra karantinə görə, yollar bağlandı, Azərbaycana qayıda bilmədik".
"Həbsdə olanda yanıma çox insan gəlmək istəyirdi. Orada məni ziyarət etmək üçün ancaq ailə üzvlərimə icazə verilirdi. Buna görə də onlarla görüşə bilmirdim. Həbsxanada mənimlə fərqli davranırdılar. Mənə çox hörmət edirdilər. Bildiyiniz kimi cəzamı Kürdəxanı İstintaq Təcridxanasında çəkmişəm. Orada "kamera" rejimi idi. Bütün günü 4 divar arasında idik, açıq havaya çıxmağa icazə yox idi. Yoldaşlarımla çox mehriban idik. Məni çox istəyirdilər",- bu sözləri F.Laçın həbsxanadakı günlərindən danışarkən deyib.
İfaçı azadlığa çıxdıqdan sonra heç bir efir qadağası ilə üzləşmədiyini də bildirib.
"Əksinə, efirlərə çıxmaq üçün tez-tez təkliflər almağa başladım, bu baxımdan heç bir problemlə üzləşməmişəm. Əgər bütün təklifləri dəyərləndirsəm, gərək həftədə 10 dəfə efirdə olum. Baxmayaraq ki, hazırda vətəndən uzaqdayam, yenə də dəvətlər alıram".
O, çətin günlərində dost dediyi insanların ona arxa çevirdiklərini də vurğulayıb.
"Bu vaxt ərzində insanların etibarsızlığını gördüm. Elə bilirdim hamı yaxşı insandır. Ancaq həbsdə olduğum zaman başa düşdüm ki, mən yanılmışam. Dost dediyim insanlar mənə arxa çevirdilər. Halbuki, onların məclislərində təmənnasız iştirak etmişəm. Həmin o insanlar adicə ailəmə "keçmiş olsun" belə demədilər. Əksinə, dost demədiyim, gözləmədiyim insanlar mənə dəstək oldular, arxa durdular. Artıq özümə söz vermişəm ki, bir daha belə məclislərdə iştirak etməyəcəyəm. Ancaq 2-3 el şənliyində təmənnasız iştirak etmişəm. Onlar da mənim dar günümün dostlarıdır. Düşünürəm ki, belə insanlara ömrümün sonuna qədər borcluyam. Düzü mən heç kimdən kömək gözləməmişəm. Düşünmüşəm ki, heç kəs mənə borclu deyil. Lakin elə insanlar olub ki, onlara ərk etmişəm. Ailəmin vəziyyəti pis olub, demişəm ki, filankəsə zəng edin, deyin Fədayə verib nömrənizi 300 manat pul lazımdır. Çıxanda borcunuzu qaytaracaq. Yalan deməyəcəm. Belə 2-3 nəfərə müraciət etmişəm. Həmin insanlar isə bacılarımla əlaqə saxlayacaqlarını söz versələr də sonradan heç onları axtarmayıblar. Mən hər zaman özümü bu qədər dostum olduğu üçün xoşbəxt sayırdım. Düşünürdüm ki, sabah başıma bir iş gəlsə oğlum tək qalmaz, ona dəstək olarlar. Ancaq həbsxanaya düşdükdən sonra tamamilə yanlış düşündüyümü gördüm. Anladım ki, dost dediklərim əslində mənim dostlarım deyilmiş. Mən bu zaman ərzində dostumu, düşmənimi daha yaxşı tanıdım".
Sonda Fədayə Laçın heç vaxt duet ifa etməyəcəyi fikrinə də aydınlıq gətirib.
"Mən heç kimlə duet oxumayacağımı deməmişəm. Sadəcə, keçmiş ortağımla duet oxumaq fikrimin olmadığını bildirmişəm",- deyə, o, qeyd edib.
Qeyd edək ki, Fədayə Laçın uzun illər müğənni Tacir Şahmalıoğlu ilə duet ortağı olub. İfaçı azadlığa çıxdıqdan sonra Tacirlə bir daha duet oxumayacağı ilə bağlı söz-söhbətlər dolaşırdı. Lakin o, bu iddiaları təkzib edib, hətta onlar el şənliklərinin birində duet də ifa edib.